Bakı, TurkicWorld
"Baku Network" ekspert platformasında "Tofiq Abbasovla dialoq" analitik videolayihəsinin növbəti buraxılışı yayımlanıb.
TurkicWorld xəbər verir ki, verilişin budəfəki qonağı Azərbaycanın əməkdar memarı, elmlər doktoru, professoru, Azərbaycanın Mədəniyyət Nazirliyi nəzdində Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəhbəri Səbinə Hacıyeva olub.
Söhbət zamanı Hacıyeva mədəni irsin həm mütəxəssislərin, həm də ümumilikdə cəmiyyətin diqqətini tələb edən milli kimliyin ayrılmaz hissəsi olduğunu vurğulayıb. O sözlərini görkəmli yazıçı Viktor Hüqodan sitat gətirməklə davam edib: "Hər bir abidə - bir çox insanın töhfəsini birləşdirən nəsillərin inkişafının nəticəsidir".
Onun sözlərinə görə, memarlıq abidələri – insanın gördüyü ilk şeylərdir, fərq etməz bu yerli sakin olsun, ya xarici turist, onların qorunub-saxlanılması isə istənilən cəmiyyətin ən vacib vəzifələrindəndir.
C. Hacıyeva xatırladıb ki, Azərbaycan torpaqlarının işğal altında olması ilə əlaqədar 30 il ərzində öz mədəni irsinin əhəmiyyətli hissəsindən məhrum olub. Həmin dövr böyük tarixi ədalətsizlik dövrü olub, belə ki, tədqiqatlar başlıca olaraq arxiv materialları, kitablar və əlçatan internet-mənbələri əsasında aparılıb, bu isə birbaşa yerində aparılan monitorinq və ya mütəxəssis işini əvəzləyə bilməz.
Ekspert qanunsuz restavrasiya işləri və Azərbaycan irsinin özünkiləşdirmə cəhdlərinə də xüsusi diqqət çəkib. O, Xudavəng Alban monastır kompleksində tarixi məlumatlar nəzərə alınmadan aparılan bərpa işlərini və Gəncəsər monastırında həyata keçirilən müdaxilələri misal çəkib. Onun sözlərinə görə, hətta erməni alimləri belə bu bərpa işlərindən narahatlıqlarını bildiriblər. Azərbaycanlı mütəxəssislər məqsədyönlü şəkildə bu obyektlərə buraxılmayıb, bu isə obyektiv tədqiqatların aparılmasına mane olub.
İşğalda olan ərazilərin azad edilməsindən sonra Azərbaycan dərhal mədəni irsin vəziyyətini öyrənməyə başlayıb. 2020-ci ildə abidələrin ilkin təhlili aparılıb, 2023-cü ildə isə genişmiqyaslı, aylarla davam edən monitorinq həyata keçirilib. Rəsmi məlumatlara əsasən, Qarabağ ərazisində 705 abidə qeydə alınıb, lakin onlardan 155-i hələ də aşkarlanmayıb. Başlıca olaraq söhbət ya tamamilə məhv edilmiş, ya da başqa məqsədlər üçün istifadə edilmiş arxeoloji abidələrdən gedir.
Ərazilərin genişmiqyaslı şəkildə minalanması vəziyyəti daha da qəlizləşdirir ki, bu da öz növbəsində tarixi abidələrə çıxışı əngəlləyir. Minalardan təmizləmə üzrə agentliyin və güc strukturlarının aktiv fəaliyyətinə baxmayaraq, irsin tədqiq olunması və bərpası prosesi çətin proses olaraq qalır və mühüm səylər tələb edir.
S.Hacıyeva xüsusilə vurğulayıb ki, ən çox ziyan müsəlman abidələrinə dəyib; onlar talana və vandalizmə məruz qalıb və ya fiziki olaraq məhv edilib. Şuşada yeganə "restravrasiya" olunan obyekt məscid idi, lakin "restavrasiya prosesi" elə aparılıb ki, bütövlükdə Azərbaycanın izlərini silmək məqsədi daşıyıb.
Xristian irsinə gəlincə, o qeyd edib ki, bir çox mötəbər abidələr, o cümlədən Xudavəng və Gəncəsər naməlum layihələr əsasında restavrasiyaya məruz qalıblar. Belə ki, "restavrasiya" zamanı müasir materiallardan istifadə olunub ki, bu da onların tarixi görünüşünü itirməsinə yol açıb.
Bəzi hallarda bərpa işləri "Avroremont" səviyyəsində aparılıb və abidələrin orijinal strukturu tamamilə pozulub. Fiziki dəyişikliklərlə yanaşı, ideoloji mənimsəmə də aparılıb – müxtəlif nəşrlərdə bu abidələrin mənşəyi barədə təhrif olunmuş məlumatlar yayılıb.
Qarabağın mədəni irsinin zənginliyinə toxunan S. Hacıyeva xatırladıb ki, bu region müxtəlif tarixi dövrləri əhatə edən unikal arxeoloji zonadır. O, Azıx mağarasını misal çəkərək, burada ibtidai insanın ən qədim yaşayış məskənlərindən birinin aşkar edildiyini bildirib. Onun sözlərinə görə, burada tapılan və məhz bu əraziyə istinadən "Azıxantrop" adlandırılan çənə sümüyü Azərbaycan alimlərinin kəşfidir və ölkənin bu bölgədəki qədim tarixi köklərini təsdiqləyir.
Çoxsaylı çətinliklərə rəğmən, Azərbaycan öz tarixi abidələrini aktiv şəkildə bərpa edir. Artıq Pənahəli-Xan kompleksinin restavrasiyası yekunlaşıb, digər memarlıq obyektlərinin o cümlədən Qoç-Əhmədli kənd məscidinin bərpası üzrə layihələr hazırlanır ki, onlar da öz növbəsində, xüsusilə də sakinlərin doğma yurdlarına köçürülməsi fonunda bölgənin mədəni bərpa prosesinin vacib hissəsi olacaq.
Sonda Səbinə Hacıyeva vurğulayıb ki, əsas vəzifə dağıdılmış mədəni irsin təkcə bərpası yox, həm də qorunub saxlanılması və gələcək nəsillərə ötürülməsi olmalıdır:
"Tarixi abidələr – eləcə adi tikililər deyil, onlar keçmişin canlı şahidləridirlər və mütləq məhv edilmədən və qanunsuz mənimsənilmədən qorunmalıdırlar".