AZ

Bina evlərində struktur dəyişiklikləri edərkən nələrə diqqət edilməlidir?

Ekspert bildirib ki, qeyri-qanuni şəkildə çəkilən kommunikasiya xətləri binanın təməl sütunlarını zədələyərək onun möhkəmliyini və dayanıqlılığını təhlükəyə atır.

Vətəndaşlar bəzən mənzillərinin otaqların sayını artırmaq və ya hansısa otağını genişləndirmək üçün evin strukturunda dəyişikliklər edir.

Bəs bu dəyişikliklər binaya və mənzilə təhlükə yarada bilərmi?

Məsələ ilə bağlı təhlükəsizlik üzrə ekspert Elmar Nuraliyev Operativ Media-ya açıqlama verib.

O bildirib ki, istər çoxmərtəbəli yaşayış binaları olsun, istərsə də fərdi yaşayış evləri hər hansı bir struktur dəyişiklikləri və ya təmir işləri layihədən kənara çıxmaqla həyata keçirilməməlidir:

“Xüsusilə binanın təməl sütunlarına müdaxilə etmək olduqca təhlükəlidir. Binanın təməl sütunları onun dayanıqlığını və təhlükəsizliyini təmin edən ən vacib hissələrdən biridir. Hər hansı bir dəyişiklik, xüsusilə də bu sütunlara müdaxilə binanın ümumi struktural təhlükəsizliyinə ciddi təsir göstərə bilər. Bu sistemlərin yerini dəyişdirmək və ya üzərində dəyişikliklər etmək təhlükəli ola bilər. Bu yalnız binanın strukturunu zədələmək riski yaratmır eyni zamanda məkanın yaşayış üçün uyğunluğunu da təhlükəyə atır. Məsələn qaz xəttinin yerini dəyişmək sızmaya və səbəb ola bilər.

Bəzən vətəndaş 2 otağı 3 otağa çevirməyə çalışır. Bu zaman ya təmir işləri ilə məşğul olan şirkətə, ya da ustaya müraciət edir. Lakin belə dəyişikliklər zamanı qaz xəttinin yerini dəyişdirmək və ya təmirə müdaxilə etmək yolverilməzdir. Yalnız müvafiq icazələr və layihələr əsasında həyata keçirilən dəyişikliklər etibarlı və təhlükəsiz ola bilər.

 Ekspert bildirib ki, əgər qaz təsərrüfatının yeri dəyişdirilirsə, bu dəyişiklik mütləq layihədə əksini tapmalı və müvafiq təhlükəsizlik tədbirləri ilə təmin olunmalıdır: “Məsələn, qaz xəttini mətbəxdən digər bir otağa keçirmək düzgün deyil. Eyni zamanda qaz xətti quraşdırılacaq sahədə pəncərə və ya havalandırma olmalıdır. Bu tip dəyişikliklər qeyri-qanuni yollarla həyata keçirildikdə təhlükəsizlik baxımından ciddi problemlər yarana bilər.

Həmçinin, qeyri-qanuni şəkildə çəkilən kommunikasiya xətləri binanın təməl sütunlarını zədələyərək onun möhkəmliyini və dayanıqlılığını təhlükəyə atır. Bu hər hansı bir təbii fəlakət, məsələn, zəlzələ, daşqın və ya başqa bir fövqəladə hadisə zamanı binanın strukturunun pozulmasına səbəb ola bilər. Bu da nəticədə insanların həyatını ciddi şəkildə təhdid edər".

Seçilən
25
operativmedia.az

1Mənbələr