AZ

WB: Azərbaycan "üç İ" prinsipinə riayət etməklə yüksək gəlirli ölkələr qrupuna daxil ola bilər

"Üç İ" prinsipinin həyata keçirilməsi Azərbaycana yüksək gəlirli ölkələr qrupuna keçməyə imkan verəcək.

“Report” xəbər verir ki, bunu Dünya Bankının (WB) Cənubi Qafqaz üzrə regional direktoru Roland Prays Bankın 2024-cü il üzrə "Dünyanın inkişafı haqqında hesabat"ın (WDR) təqdimatı zamanı bildirib.

R.Prays vurğulayıb ki, təhsil və səriştələrin inkişafı innovasiyaların stimullaşdırılmasında və məhsuldarlığın artırılmasında mühüm rol oynayır.

"Hesabatımızda "üç İ" prinsipi - investisiya, infuziya (qabaqcıl bilik və texnologiyaların yayılması) və innovasiya təqdim edilib. Bunlar xüsusi diqqət yetirdiyimiz üç əsas aspektdir. Birincisi, hesabat ölkələri həm daxili, həm də xarici investisiyaların axınını stimullaşdırmaq üçün investisiya mühitini yaxşılaşdırmağa çağırır. Həmçinin sürətlə dəyişən qlobal iqtisadiyyatda tələb olunan bacarıqlara malik işçi qüvvəsinin olması üçün təhsilin keyfiyyətinin artırılmasına və peşə hazırlığı proqramlarının inkişafına investisiya qoyuluşunun vacibliyi vurğulanır", - regional direktor qeyd edib.

Onun sözlərinə görə, ikincisi, əlverişli investisiya mühitini xaricdən yeni ideyaların cəlb edilməsi və yayılmasına yönəlmiş tədbirlərlə tamamlamaq vacibdir. R.Prays hesab edir ki, qlobal bazarlara inteqrasiya vasitəsilə bazar liderləri arasında rəqabəti təmin etmək son dərəcə önəmlidir. "Əlverişli biznes mühitinin formalaşdırılması və qabaqcıl texnologiyaların yayılmasının stimullaşdırılması üçün səmərəli idarəetmə və güclü institutlar lazımdır", - o əlavə edib.

Üçüncüsü, hesabat ölkələrə tədqiqat və inkişafı dəstəkləməyi, sahibkarlığı inkişaf etdirməyi və texnologiyaların fəal şəkildə tətbiqi üçün şərait yaratmağı tövsiyə edir. "Rəqabət və bərabər biznes şərtləri həm qabaqcıl biliklərin yayılmasında, həm də innovasiyaların stimullaşdırılmasında uğurun əsas amilləridir. Fikrimcə, bütün bunlar Azərbaycanın orta gəlirli ölkələr qrupundan yüksək gəlirli ölkələr qrupuna keçid etməsinə imkan yaradır", - R.Prays hesab edir.

Seçilən
25
1
report.az

10Mənbələr