AZ

Rusiya XİN Qərbi Ermənistanı Moskva ilə münasibətləri kəsməyə təhrik etməkdə ittiham edir

Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin Qərbin Ermənistan üçün Rusiyanı əvəz etmək arzusunda olduğunu bəyan edib...

Poliqon xəbər verir ki, onun sözlərinə görə, Qərb ölkələri İrəvanı Moskvanın iştirak etdiyi beynəlxalq birliklərdən uzaqlaşdırmağa çalışır.

Qaluzin bildirib ki, Ermənistanın üzvü olduğu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) ölkənin təhlükəsizliyinin əsas dayağıdır. O, həmçinin Ermənistanın Avrasiya İqtisadi İttifaqındakı (Aİİ) iştirakını ölkənin "iqtisadi rifahının təminatı" adlandırıb.

"Qərb Ermənistanda müşahidə missiyası adı altında əslində kəşfiyyat fəaliyyəti aparan Avropa İttifaqı missiyası vasitəsilə möhkəmlənməyə çalışır", deyə Qaluzin RİA Novosti-yə açıqlamasında bildirib.

İrəvanın KTMT-dən uzaqlaşması və Avropa ilə yaxınlaşması

2024-cü ildə Ermənistanın baş naziri Nikol Paşinyan ölkəsinin KTMT-də iştirakını dondurduğunu və qurumdan çıxma ehtimalını istisna etmədiyini açıqlamışdı. O, təşkilatı Ermənistanın təhlükəsizliyi və suverenliyi üçün təhdid adlandırmış və dekabr ayında İrəvan ilə KTMT arasındakı münasibətlərdə "geri dönüş nöqtəsinin" aşılması barədə bəyanat vermişdi. Kreml isə KTMT-dən hər hansı bir təhlükənin gəlmədiyini bildirmişdi.

2023-cü ilin iyul ayında Avropa İttifaqı (Aİ) ölkələrinin xarici işlər nazirləri Ermənistana 10 milyon avro dəyərində hərbi yardım ayrılmasını təsdiqləmişdi. Rusiya XİN bu addımı Aİ-nin "geosiyasi hesablaması" kimi qiymətləndirmişdi.

9 yanvar 2025-ci ildə Ermənistan hökuməti ölkənin Aİ-yə qoşulma prosesinə başlamaq barədə qanun layihəsini dəstəkləyib. Həmin ay İrəvan Vaşinqtonla Strateji Tərəfdaşlıq Xartiyasını imzalayıb.

Poliqon.info

Seçilən
11
poliqon.info

1Mənbələr