AZ

Coşqun Diniyev Türkiyədə yenə klub dəyişir

Futbol üzrə Azərbaycan millisinin yarımmüdafiəçisi Coşqun Diniyev Türkiyənin “Bandırmaspor” klubundan ayrılmağa qərar verib.

Arena.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

Xəbərdə bildirilir ki, azərbaycanlı futbolçun bundan sonra TFF 1-ci Liqanın digər təmsilçisi “Çorum”da çıxış edəcək. Onun yeni klubu ilə 1,5 illik müqavilə imzalayacağı gözlənilir. Rəsmi açıqlamanın tezliklə veriləcəyi bildirilir.

Xatırladaq ki, Coşqun Diniyev ötən mövsümü Türkiyə Birinci Liqasının digər təmsilçisi “Ümraniyəspor”da keçirib. 28 yaşlı azərbaycanlı futbolçu 2024-cü ilin yayında “Bandırmaspor”la 1 illik (2025-ci ilin 30 iyununa qədər) müqaviləyə imza atıb. O, bu komandanın heyətində 20 oyun keçirib və 2 məhsuldar ötürmə ilə yadda qalıb. Ümumilikdə 1249 dəqiqə meydanda olan futbolçu bu müddətdə 1 qırmızı vərəqə də alıb.

Hazırda “Bandırmaspor” 37 xalla Birinci Liqanın yarış cədvəlində 5-ci pillədə qərarlaşıb. “Çorum” isə 35 xalla 7-ci sıradadır.

Diniyev daha öncə ölkəmizdə “Qarabağ”, “Zirə”, “Sabah”, “İnter” (indiki “Şamaxı”) kimi klublarda da forma geyinib. O, Azərbaycan milli komandasının da heyətində 28 oyun keçirib.

Seçilən
46
1
arena.az

2Mənbələr