AZ

Hayların Təpəbaşı məhəlləsindəki təxribatı 

Qədim Azərbaycan şəhəri İrəvandakı dünya mədəni irsinin unikal nümunəsi sayılan Təpəbaşı məhəlləsi ermənilər tərəfindən dağılmaqda davam edir. Hətta bu gün Təpəbaşı məhəlləsi xarabalığa çevrilib desək, yanılmarıq. Şübhəsiz, İrəvanın Azərbaycan tarixinin dağıdılması siyasi motivlidir, məqsəd şəhərin indiki simasını bərqərar etməkdir. Xatırladaq ki, Təpəbaşı İrəvanda Azərbaycan irsinin yeganə görünən sübutudur. 

Ermənistanın həyata keçirdiyi mədəni soyqırımı prosesi ilə bağlı Azərbaycan cəmiyyətinin təmsilçiləri, həmçinin elm adamları dəfələrlə UNESCO-ya müraciət edərək bu qurumu tarixi-mədəni irsimizin məhv edilməsinin qarşısının alınması üçün zəruri addımlar atmağa çağırıblar. Lakin UNESCO buna müsbət reaksiya verməyib. Şübhəsiz, tarixi Təpəbaşı məhəlləsinə, azərbaycanlıların İrəvanın tarixi-mədəni irsinə töfhələrinə qarşı etinasızlıq təkcə Azərbaycana deyil, ümumiyyətlə bəşər mədəniyyətinə olan laqeyd münasibətdən irəli gəlir. 

Bundan istifadə edən haylar öz işlərindədirlər. Hətta hazırda ermənilər tərəfindən “Kond” adlandırılan Təpəbaşı məhəlləsindəki məscid spirtli içkilərin istehlak edildiyi məkana çevrilib.  Məgər, onlar bunu başqa yerdə edə bilməzlərmi? Bilərlər, amma etmirlər. Qəsdən edirlər. Görün, hayların bizə qarşı nifrəti nə qədər böyükdür. Bu, onların mahiyyətindən xəbər verir və göstərir ki, ermənilər üçün müqəddəs heç nə yoxdur. Şübhəsiz, bu, Azərbaycan xalqının dini və mədəni heysiyyətinə toxunan açıq provokasiyadır. Digər tərəfdən, bu həm də bütün dünya müsəlman aləminə qarşı təhqirdir.
Qeyd edək ki, eyni vandalizm siyasəti 30 illik işğal dövründə Qarabağda və Şərqi Zəngəzurda da yürüdülüb. Bu illər ərzində mənfurlar işğal etdikləri ərazilərimizdə maddi-mədəni sərvətlərimizi dağıdıb, tarixi abidələri, evləri, inzibati binaları, bütün tikililəri terrora məruz qoyub, yararsız hala salıb, zəngin ekosistemimizə divan tutublar. Qəbiristanlıqları talamaqdan çəkinməyən erməni barbarları hətta qəbirlərdən insan sümüklərini eşib çıxarıblar. Bir sözlə, vaxtilə həyat qaynayan, yüzlərlə tarixi, mədəni abidənin qorunduğu həmin ərazilər böyük xarabalıqlara çeviriblər.  Hətta hayların məcidlərimizdən, o cümlədən Ağdam, Zəngilan məscidlərinin birində donuz, inək saxlanmaları ilə bağlı sübutlar vardır. Şübhəsiz, bütün bunlar faşist xislətli erməni vandallarının insanlığa, bəşəri amalara qənim kəsilməsindən irəli gəlir.

Təəssüf edirik ki, işğal dövründə çoxsaylı müraciətlərə və çağırışlara baxmayaraq, UNESCO bir dəfə də olsun bu məsələləri araşdırmayıb, əraziyə faktaraşdırıcı missiya göndərməyib. Zəfərlə başa çatan 44 günlük Vətən müharibəsindən və birgünlük lokal antiterror əməliyyatından sonra artıq həmin məkanlar ya təmir olunur, ya da yenidən inşa edilir. Xatırladaq ki, azad edilmiş torpaqlarda məlumatlara görə, 67 məscid var idi, onlardan cəmi biri nisbətən salamat vəziyyətdə idi.

Bu məsələ ilə bağlı Qərbi Azərbaycan İcmasının bəyanatında qeyd edildiyi kimi, Ermənistan tərəfinin Azərbaycan mədəniyyət abidələrini qəsdən məhv etməsi və xalqımızın indiki Ermənistan ərazisindəki mədəni izlərini silməsi, beynəlxalq hüququn, o cümlədən 1954-cü il Haaqa Konvensiyası və UNESCO-nun müvafiq qərarlarının kobud şəkildə pozulmasıdır. Eyni zamanda bu vandalizm bölgədə sülh və barışığın əldə olunmasına ciddi maneə törədir. 

Elə bu kimi səbəblərdən mədəni irs obyekti sayılan Təpəbaşı məscidinin dağıdılmasına, qalıqlarının isə bu cür təhqiramiz şəkildə istifadəsinə qətiyyətlə etiraz edən Qərbi Azərbaycan İcması bir daha UNESCO-nu və digər beynəlxalq təşkilatları təxirəsalınmaz addımlar atmağa, o cümlədən, məscidin və digər dağıdılmış Azərbaycan abidələrinin bərpası və qorunması üçün Ermənistana təzyiq etməyə çağırıb.

Qvami Məhəbbətoğlu, “İki sahil”

Seçilən
14
ikisahil.az

1Mənbələr