Azərbaycan 3 yolla orta gəlir tələsindən çıxa bilər.
"Report" xəbər verir ki, bunu iqtisadiyyat nazirinin müavini Səməd Bəşirli Dünya Bankının 2024-cü il üzrə "Dünyanın İnkişafı haqqında Hesabat"ının (World Development Report - WDR) Bakıda yüksək səviyyəli təqdimat tədbirində bildirib.
"Birinci yol iqtisadiyyata, o cümlədən özəl və qeyri-neft-qaz sektoruna investisiyaların artılmasıdır. Bu istiqamətdə iri yerli korporasiyalara fokuslanmağa çalışırıq. Biz başa düşürük ki, iqtisadiyyatımzı şaxələndirmək, qeyri-neft-qaz sənayesində artıma nail olmaq üçün investisiyaların strukturunda dəyişikliklər etməli, özəl sektorun payını artırmalıyıq. İkinci yol investisyalar üçün ekosistemin yaxılaşdırılmasıdır. Regional səviyyədə birbaşa xarici investisiyalar üzrə rəqabət aparılır. Bizə qonşu ölkələr investisiyaların təşviqi və stimullaşdırılması ilə bağlı işlər aparır. 5-10 il əvvəllə müqayisədə daha aqressiv rəqabət var. Bunu nəzərə alaraq, biz də tədbirlər görürük. Üçüncü yol isə bilik və bacarıqların inkişafıdır. Bu, yerli təhsil sistemi vasitəsilə, miqrasiya siyasəti vasitəsilə bacarıqların inkişafını əks etdirir", - deyə o qeyd edib.