AZ

“Elçibəy Nəsir bəyin hərəkatdakı rolunu həmişə yüksək dəyərləndirib”-Nəsir Ağayevin tələbəsi Fəzail Ağamalıya cavab verdi

Milli Məclisin sabiq üzvü, Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı nuh.az saytında yayımlanmış müsahibəsində mərhum eks-prezident Əbülfəz Elçibəyin 1975-ci ildə həbs olunması ilə bağlı maraqlı iddialar səsləndirib. O, çağdaş milli azadlıq hərəkatının liderlərindən olmuş bir sıra şəxslər haqqında ictimai rəydə şübhə yaradacaq fikirlər söyləyib. "Elçibəyin məhkəməsində ondan sonra ən çox adı hallanan ikinci şəxs mən olmuşam. Bizdən bir kurs aşağıda oxuyan Nəsir Ağayev və onun qrup yoldaşı Fərhad Vahabov var idi. Mən onların hərəkətlərindən şübhələnmişdim. Əbülfəz bəyə dedim ki, onları bizim aramıza göndəriblər, onlarla münasibət qurma. Elçibəy də dedi ki, narahat olma, onlar heç nə edə bilməzlər"-deyə, o, bildirib. Milli azadlıq hərəkatının liderlərindən biri, Bakı və Kəndlər Birliyinin sabiq sədri mərhum Nəsir Ağayevin tələbəsi, tanınmış siyasətçi Nurəddin İsmayıl Fəzail Ağamalının ittihamlarına cavab verib:
"Sabiq millət vəkili Fəzail Ağamalı "nuh.az" saytına keçdiyi siyasi yolu, milli azadlıq hərəkatında oynadığı rol, mərhum Əbülfəz Elçibəylə tanışlığı, yaxın əlaqələri və 1975-ci ildən çağımıza qədər içində bulunduğu proseslərlə bağlı geniş müsahibə verib. Müsahibədə diqqəti çəkən suallardan biri onun Əbülfəz bəylə münasibətlərinin sonrakı dövründə sapıntılara yol verməsi, ona xəyanət etməsi, satması barədə cəmiyyətdə gəzən söz-söhbətlərlə bağlı sualdır. Fəzail Ağamalı bu cür fikirlərin yayılmasına sərt reaksiya verib və qeyd edib ki, bu şayiələr onun şəxsiyyətinə, tərcümeyi-halına və fəaliyyətinə atılan böhtandır. Əbülfəz bəyin məhkəmə prosesində adının ən çox hallanan şəxs olduğunu qabardan Fəzail Ağamalı məhkəmə prosesi ilə bağlı məsələlərə dair fikir səsləndirib. Fəzail Ağamalı onun Elçibəyi satması, xəyanət etməsi ilə cəmiyyətdə gəzən söhbətləri "özünün şəxsiyyətinə qarşı şərəfsizliklə atılan böhtan" adlandırdığı halda, öz hərəkat yoldaşı, milli azadlıq hərakatında əvəzsiz xidməti olan mərhum Nəsir Ağayevi ağır ittiham qarşısında qoyur". 
Nurəddin İsmayıl deyib ki, Fəzail Ağamalı bu fikirləri Nəsir bəyin sağlığında heç zaman deməyib: "Maraqlıdır ki, istər Əbülfəz bəyin, istərsə də bəyin ən çox inandığı Nəsir bəyin sağlığında bu barədə bir kəlmə dilə gətirməyən Fəzail Ağamalı sualdan yayınmaq üçün bütün hərəkat iştirakçılarının yaxından tanıdığı, Bakı kəndlərini alətə çevirmək istəyən o zamankı prezident Ayaz Mütəllibov və onun qoçu dəstələrinə sinə gərən, bu qüvvəni mütəşəkkil şəkildə Elçibəyin arxasınca aparan bir şəxsi niyə hədəfə çevirir? Əgər Nəsir bəy onun dediyi kimi, "araya salınmış" birisi olsaydı, Elçibəy prezidentliyi dövründə onun irəli sürdüyü kadrları yaxına buraxmaz, özü ilə hər cür əlaqəni kəsərdi. Əksinə, Elçibəy Nəsir bəyin milli azadlıq hərəkatındakı rolunu həmişə yüksək dəyərləndirmiş, onun müalicəsi üçün hər cür şərait yaratmışdı. Nəsir bəy uzun müddət mənzil növbəsində idi. Qanuni haqqı olan mənzil Nəsir Ağayevə məhz Elçibəyin dövründə verilmişdi". 
Nurəddin İsmayıl deyib ki, milli azadlıq hərəkatının tanınmış simalarından da kimin Nəsir Ağayev haqqında F.Ağamalının qərəzli, qarayaxma fikirləri ilə üst-üstə düşən açıqlaması yoxdur. Onu fikrincə, Fəzail Ağamalıya Kəlbəcərin işğalı ilə bağlı ANS-in təşkil etdiyi geniş teledebatda mərhum Elçibəyin üzünü ona tutub, "elə etmə ki, hər şeyi açıb ortaya qoyum" deməsini də xatırlatmaq lazımdır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
8
1
olaylar.az

2Mənbələr