AZ

Bir səfərin tarixçəsi: 32 illik qəriblik hekayəsi və ya zəngilanlı Sultan əmini Sumqayıtla nə birləşdirir? 

Biləndə ki, Zəngilanda təşkil edilən mediaturda mən də iştirak edəcəm təsirləndim. Heç vaxt üzünü görmədiyim, amma həsrətində olduğum bir məkana ayaq basmaq doğurdan da təsirli idi. Həm də oraları ziyarət etmək, görülən işlərlə tanış olmaq səfərə əlavə maraq qatırdı. Noyabrın 7-də “Azərişıq” ASC və Medianın İnkişafı Agentliyinin Zəngilana birgə təşkil etdiyi mediatura həmkarlarımla  birgə yola düşdük.

Məqsəd “Azərişıq” ASC-nin gördüyü işlərlə tanışlıq idi. Eyni zamanda səfər bu gün 10 ili tamam olan “Azərişıq” ASC-nin yubileyi ərəfəsində təşkil edilmiş və bir növ hesabat xarakteri daşıyırdı. Ona görə də yolumuzu Zəngilan Elektrik Şəbəkəsinin Rəqəmsal İdarəetmə Mərkəzindən saldıq.

Amma Zəngilana gələnə qədər yol boyu gördüklərimin təsirindən çıxa bilmirdim. Viran qalan Zəngilana ilk ayaq basdığım an 32 il əvvəl rastlaşdığım əhvalatı xatırlayırdım.  Nə qədər çalışsam da həmin anı fikirimdən çıxarmaqda çətinlik çəkirdim və mənə elə gəlirdi ki, Zəngilanın işğalı vaxtı evini tərk etmiş Sultan əmiyə qonaq gedirəm. Elə bilirdim yanımdadır, mənimlə danışır, onunla qarşılaşdığımız həmin soyuq payız axşamını xatırlayır. Səsli-küylü avtobusda gözlərimi yumanda Sultan əminin çöhrəsi, 32 il əvəl rastlaşdığım nurani adamın sifət cizgiləri gözərim qarşısında canlanırdı. Dağıdılan evlərdə, tarmar olan, yurd-yuvalarda itib-batan keçmişə qayıdırdım. Bu, uzun tarix deyil, cəmi 32 il keçib və hadisələr 1993-cü ilin payızında cərəyan edib. Zəngilana daxil olduğum anlardan mənə elə gəlirdi ki, Sultan əmi yolumuzun üstündə dayanıb xoş gəldin edir. Xəyalımda canlandırdığım adamın sifətində heç bir ifadə yox idi. Elə bil heç 32 il əvvəl gödüyüm Sultan əmi də deyildi. Qəmgin və narahat gözləriylə gəlişimizə sevinirdi.

Zəngilan  Elektrik Şəbəkəsinin Rəqəmsal İdarəetmə Mərkəzində başlayan mətbuat konfransı zamanı bir daha  yadıma düşən bu xatirənin maraqlı tarixçəsi var.

1993-cü ilin noyabrın əvvəlləridir və  gecə saat 12 radələrində Bakıdan Sumqayıta qayıdan avtobusdakı adamlar bir neçə gün əvvəl  baş verən növbəti facidən danışırlar. Zəngilan işğal olunmuş, uzun müddət blokada vəziyyətində qalan rayon camaatı Arazı adlayıb İrana keçə bilmişdilər. Zəngilanlıların çoxundan hələ də xəbər yox idi. Elə bil hər kəs işğal olunan yeddinci rayonumuza yas tuturdu. Üzlərdən pərişanlıq yağırdı, biz məğlub olmuşduq, Zəngilan da əldən getmişdi. Biz Sumqayıta çatanda yağış ara vermir, leysan yağışın islatdığı adamlar evlərinə tələsirdilər. Şəhərdə işıqlar sönmüş, hər tərəf zülmətə qərq olmuşdu. Hamı başını götürüb dəhşətli yağışdan qaçırdı. Təkcə bir qədər aralıda, yağışın altında tənha dayanan adam heç yana tərpənmirdi. Duruşundan şəhər adamına oxşamırdı və nəzərləri bir nöqtəyə zillənmişdi. Qərib adamın yağışın altında dayanması ətrafdakıları qəti maraqlandırmırdı. Adam elə bil donmuşdu. Heç kimə yaxınlaşmır, sakitcə gəlib keçənlərə tamaşa edirdi. Yaxınlaşıb salam verdim. Köhnə kişilərə xas əda ilə başını qaldırıb salamımı aldı. Fürsəti əldən verməyib dərhal söhbətə başladım.

– “Salam əmi” deyə müraciət etdim. Buralar adamına oxşamırsan, neçə nömrəli marşurutu gözləyirsən?

Təxminən 70-75 yaşlarında kişi dərhal cavab vermədi. Başını aşağı saldı, islanan papağından tökülən su onun üzünü görünməz etdi. Mənə elə gəldi ki, qarşımda dayanan adam lap doğmamdır və haradasa illərdir axtardığım əzizimdir. Kişiyə bir qədər də yaxınlaşıb gecə vaxtı şıdrığı yağışın altında dayanmasının səbəbini soruşdum.

Hiss etdim ki, danışmağa həvəsli deyil. Güclə dilləndi:

-Adım Sultandır, qəribəm, buraları da tanımıram. Zəngilandan iki, üç gündür çıxmışam. Ailə uşaqdan da xəbərim yoxdur.

Sultan əmi danışa-danışa ətrafa boylandı. Elə bil o, leysandan qaçan adamlar arasında itirdiyi əzizlərini axtarırdı. Evə dəvət etdim. Bir qədər susub:

-Yox, “sizə əziyyət olar” dedi.

Onu bir təhər dilə tutub evə getməyə razı saldın. Sultan əmi başlarına gələn faciəni danışırdı, kövrəlirdi. Danışdıqca  göz yaşlarını saxlaya bilmirdi. Zəngilanlıların başına gətirilən müsibətləri öz gözləri ilə görmüşdü. Ailəsini isə gördüm deyən yox idi. Deyirdi ki, onlar ayrı-ayrı maşınlarda çayı keçiblər. İndi onları axtarır.

-Sumqayıta qohum-əqrabadan nəyin var?, deyə soruşdum.

Kişinin yadına cibindəki telefon nömrəsi düşdü. Bütün ciblərini axtardı. Nəhayət hansısa cibinin küncündən islanmış əzik-üzük kağız parçası tapdı.

Sumqayıtda yaşayan uzaq qohumunun telefon nömrəsi orada idi. Rəqəmlər güclə oxunurdu.

Səhər açılanda Sultan əminin qohumlarını axtardım. Axır ki, telefon zənglərimə cavab verən tapıldı və Sultan əmini həmin ünvana apardım.

Bu əhvalatı 32 ilə yaxındır həmişə xatırlayıram. 2020-ci il oktyabrın 20-də Ali Baş Komandan İlham Əliyev Zəngilanın işğaldan azad olunması müjdəsini verəndə ilk yadıma düşən də Sultan əmi idi. “Görəsənn indi sağdırmı? Sağ-salamatdırsa bu xəbəri necə qarşıladı?”, -deyə öz-özümə sual verirdim.

Zəngilana ilk ayaq basdığm dəqiqələrdə gözüm Sultan əminin evini axtardı. Bu dağılan evlərin hansıdır Sultan əminin evi? Görəsən, Sultan əmi ailəsini tapa bildimi? Zəfər tariximizi görmək ona nəsib oldumu?   

Zəngilan Elektrik Şəbəkəsinin Rəqəmsal İdarəetmə Mərkəzində isə mətbuat konfransı davam edirdi. “Azərişıq” ASC-nin rəsmiləri jurnalistlərin suallarına cavab verirdilər. Zarafat deyil, 10 ildir ki, “Azərişıq” xalqa xidmət edir. Fəaliyyətinin ilk dövrü isə işğalın başa çatmasına təsadüf edib. Azad olunan ərazilərdə Azərbaycan ordusu ilə daban-dabana irəlləyib. Qardan-soyuqdan çəkinmədən, bütün çətinliklərə sinə gərərək bir neçə günə Şuşanı elektrik enerjisi ilə təmin edib. Daha sonra digər kəndlər, qəsəbələrdə Azərbaycan işığı yandırılıb. Onları nə düşmənin tələsi, nə də ətrafa səpələnən mina qorxudub. “Azərişıq” Qarabağın hər yerində öz işini yüksək peşəkarlıqla yerinə yetirib. Şərqi Zəngəzurda da həyat öz ritminə qayıdır və inşa edilən kəndlər, qəsəbələr işıqlandırılır. Dağıdılan kəndlərə həyat qayıdır və 27 il zülmətdə qalan yurd-yuvalarımızın işığı yanır. Mətbuat konfransında jurnalistlərin sualları cavablandırılanda məlum oldu ki, bu gün işğaldan azad edilən ərazilərdə 4182-si əhali qrupu olmaqla, 5097 abonent fasiləsiz və dayanıqlı elektrik enerjisi ilə təmin olunur.

Görəsən, Sultan əminin də adı həmin abonentlər arasında varmı, onunda evində işıq yanırmı?

Mətbuat konfransı yekunlaşar-yekunlaşmaz çölə çıxıb ətrafa boylandım. Ətrafda yalnız dağıdılmış evlər görünürdü. Köhnə kişilərin qoyub getdikləri evlərdən əsər-əlamət qalmamışdı. Sultan əminin dağılan yurd yeri də buralarda olmalıydı. Kol-kos basmış ətrafda, heç kəsin gözə dəymədiyi yerdə bir gecəlik qonağımın evini axtarırdım. Rastlaşdığım yüzlərlə sultan əmilərin viran qalmış yurd yerləri idi. Hər şey dəyişib buralarda, Zəngilana yenidən həyat qayıdır. Gec-tez həyat axarına düşəcək. Təkcə Sultan əmi və onun doğma ocağı olmayacaq. Müqəddəs məkanlarımız da yenidən qurulub. İnanc yerlərimiz bərpa edilib. Bir vaxtlar düşmənin təhqir etdiyi Zəngilan məscidi də yenidən tikilib. Zəngilan Konqres Mərkəzi, Zəngilan Elektrik Şəbəkəsinin Rəqəmsal İdarəetmə Mərkəzinin binaları zövqlə inşa olunub və bütün axitektura qaydalarına əməl edilib. Bütün Qarabağda və Şərqi Zəngəzurda abadlıq quruculuq işləri sürətlə davam edir. Hamının dadına ilk çatan isə “Azərişıq”dır. Hər bir işə fərdi yanaşlır və keyfiyyətli iş ortaya qoyulur. Yeni elektrik xətləri çəkilir, tikinti şirkətləri dərhal elektrik enerjisi ilə təmin olunur.

Zəngilanda da şəhərin elektrik enerjisi ilə təminatı üçün 35 kV-luq ÖİN-3 (Özünüdaşıyan İzoliyasiyalı Naqil) kabel xətti çəkilib. Bu xətt  İstehlakçıların fasiləsiz və dayanıqlı elektrik enerjisi ilə təmin olunmasını həyata keçirəcək. Beləcə, Zəngilana səfərimiz başa çatır. “Azərişıq” ASC və Medianın İnkişafı Agentliyinin birgə təşkilatçılığı ilə mediatur iştirakçıları səfərdən məmnun qayıdır. Yol boyu yenə hər kəs ətrafdakı dağıdılan kəndləri seyr edir, işğaldan azad edilən kəndlərdən keçirik. Hər qarışı şəhid qanıyla yoğrulan bu torpaqlar nə qədər müqəddəsdir ilahi. Bu torpaqlar uğrunda canından keçən, Vətən deyib irəli atılan, düşmənin bağrını yaran qəhrəman oğullarımızı böyük ehtiramla yad edirik. Onların canı, qanı hesabına azad edilən torpaqlarımızda indi işıqlar yanır, yurd-yuva işıqlandıqca buralara həyat da qayıdır.

Vəli Həsənoğlu,

KONKRET.az

Seçilən
19
konkret.az

1Mənbələr