AZ

Fransada məlumat emalı mərkəzləri və süni intellekt infrastrukturuna 20 milyard avro yatırılacaq

ABŞ-nin “Brookfield Asset Management” investisiya şirkəti növbəti beş il ərzində Fransada məlumat emalı mərkəzlərinin tikintisi və süni intellekt infrastrukturunun inkişafına 20 milyard avro sərmayə qoymağı planlaşdırır.

“Report” “İnterfaks”a istinadən xəbər verir ki, bu barədə şirkətin məlumatında bildirilir.

Qeyd olunur ki, məlumat emalı mərkəzlərinə 15 milyard avro məbləğində investisiya qoyuluşu nəzərdə tutulub və bununla şirkətin portfel şirkəti olan “Data4” məşğul olacaq. Qalan vəsaitin Fransada məlumatların ötürülməsi və saxlanılması, həmçinin enerji generasiyası layihələri də daxil olmaqla süni intellekt infrastrukturuna yönəldilməsi planlaşdırılır.

“Brookfield” dekabrda Fransada ofis açıb. Şirkətin Avropa bölməsinin rəhbəri Sikander Raşidin sözlərinə görə, bu ölkədəki aktivləri təxminən 30 milyard dollar təşkil edən “Brookfield” növbəti beş ildə həmin məbləği iki dəfə artırmağı planlaşdırır.

Fransa prezidenti Emmanuel Makron süni intellektin inkişaf etdirilməsini ölkə iqtisadiyyatı üçün prioritet hesab edir. Bu həftə ölkədə süni intellekt sammiti keçirilir.

"Brookfield”in 20 milyard avro məbləğində investisiyası Fransaya süni intellekt sahəsinin əsas oyunçuları ilə yanaşı yarışda qalmağa imkan verəcək", - E.Makron bildirib.

Ötən həftə KİV-lər xəbər vermişdi ki, Əbu-Dabi suveren fondu Fransada məlumat mərkəzlərinin inkişafına 30-50 milyard avro sərmayə yatırmağı planlaşdırır.

Seçilən
6
report.az

1Mənbələr