“Bizim dövr” qəzetinin və Aktualinfo.az saytının həbsdə olan baş redaktoru Surxay Əliyevin və müavini Hikmət Nəcəfli barəsində cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.
Heftelik.az-ın APA-ya istinadən verdiyi məlumata görə, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elmin Rüstəmovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib.
Prokuror Surxay Əliyevin 9 il, Hikmət Nəcəflinin 9 il 6 ay müddətində azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsini təklif edib.
Vəkillər çıxış üçün vaxt istəyib.
Məhkəmə fevralın 12-də davam etdiriləcək.
Qeyd edək ki, onlar polis əməkdaşları tərəfindən saxlanılıb. Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq törətmək) və 182.2.2-ci (hədə-qorxu ilə tələb etmə) maddələri ilə ittiham edilirlər.
Xatırladaq ki, Surxay Əliyev, müavini Hikmət Nəcəfli və “Gündəlik Bakı” qəzetinin baş redaktoru Habil Vəliyev hələ bir neçə il bundan öncə də eyni ittihamla Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən həbs edilmişdi. Habil Vəliyev də hazırda eyni ittihamlarla həbs edilib. Onun da cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır.