AZ

Baltik ölkələri Rusiyanın elektrik sistemindən ayrıldı

 

Estoniya, Latviya və Litva Avropa İttifaqının (Aİ) elektrik şəbəkəsinə qoşuldu. Aİ Komissiyasının sədri Ursula von der Leyen Estoniya, Latviya və Litvanın Avropa elektrik şəbəkəsinə qoşulmaları münasibətilə Litvanın paytaxtı Vilnüsdə keçirilən “Baltik Sinxronizasiya Konektorlarının açılış mərasimində” çıxış edib. 

"Baltik ölkələrini qitə Avropasının elektrik şəbəkəsinə bağlayırıq" deyən von der Leyen Avropanın Rusiya və Belarusla qalan son elektrik əlaqələrini də kəsdiyini vurğulayıb. O, Avropanın enerji sahəsində təhdid və şantajdan qurtulduğunu bildirərək Rusiyanın qalıq yanacaqlarının da mərhələli şəkildə istifadədən çıxarıldığını xatırladıb. 

Aİ Komissiyasının mövzu ilə bağlı açıqlamasında da Baltik ölkələrinin Rusiya və Belarus şəbəkələrindən tamamilə ayrıldıqdan sonra Avropa qitə elektrik şəbəkəsinə qoşulduqları qeyd edilib. Estoniya, Latviya və Litvanın Polşa üzərindən Avropa qitə şəbəkəsinə daxil olaraq Aİ-nin daxili enerji bazarına uğurla inteqrasiya etdikləri vurğulanan açıqlamada Baltik ölkələrinin öz enerji sistemlərini ortaq və şəffaf qaydalar əsasında idarə edəcəkləri bildirilib. 

Açıqlamada Baltik ölkələrinin Aİ elektrik şəbəkəsinə inteqrasiyası üçün tələb olunan investisiya xərclərinin 75 faizinin Aİ fondlarından qarşılandığı bildirilib. Elektrik şəbəkə infrastrukturu üçün Aİ-nin 1,23 milyard avro qrant ayırdığı qeyd olunub. 

Xatırladaq ki, Ukrayna və Moldova isə 2022-ci ilin mart ayında Rusiya elektrik şəbəkəsindən ayrılaraq Avropa şəbəkəsinə qoşulmuşdu.



Seçilən
10
1
trt.net.tr

2Mənbələr