AZ

"Rusiya bu açıqlama ilə nəinki Qərbin, hətta Türkiyənin də danışıqlarda..." - AÇIQLAMA

Rusiyanın xarici işlər nazirinin müavini Mixail Qaluzin Qərbin təkid etdiyi kimi, Ermənistan və Azərbaycanı hansısa Qərb platformasında tezliklə sülh müqaviləsi bağlamağa sövq edən istənilən tələsik sənədin imzalanmasının əleyhinə olduqlarını deyib. 

 

Maraqlıdır, bu addım Azərbaycanla Ermənistan arasında sülh prosesinə necə təsir edəcək?

 

Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən siyasi ekspert Məhəmməd Əsədullazadə bildirib ki, bununla, Rusiya rəhbərliyi öz kurasiyasından kənar istənilən sülhü təhdid hesab etdiyini açıq şəkildə bəyan edir.

 

Onun sözlərinə görə, Cənubi Qafqazda Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi istiqamətində irəliləyişlərin əldə edilməsi fonunda Rusiyadan verilən mesaja rəsmi Bakı öz etirazını bildirməlidir:

 

“Qaluzin Azərbaycan və Ermənistanı Rusiyanın vasitəçiliyi ilə yenidən danışıqlar masasına oturmağa dəvət edir. Üçtərəfli komissiyasının işinin yenidən fəaliyyətə başlanmasına çağırıb. Ümumiyyətlə, son dörd ildə Rusiyanın iştirakı ilə əldə olunan üçtərəfli razılaşmalar kağız üzərində qalıb. Yalnız Azərbaycan Ermənistanla ikitərəfli danışıqlara başlamaqla irəliləyişlər əldə edə bilib. 

 

Göründüyü kimi, Rusiya Ermənistanla Azərbaycan arasında davam edən danışıqlardan kənar qaldığı üçün Qərbin prosesdə olacağını təhlükə kimi vurğulayıb. Bununla, Rusiya Bakı və Yerevana mesaj verərək, Qərbin vasitəçiliyi ilə sülh müqaviləsi bağlansa, hər iki ölkəyə qarşı təzyiq edəcəyi mesajını verir. Azərbaycanla Ermənistan arasında danışıqlarda Qərb təmsil olunmur, amma prosesə obyektiv dəstək verir. İki dövlət arasında danışıqlara isə Türkiyə dəstək verir. Türkiyə rəhbərliyi ABŞ və Avropa ölkələri ilə danışıqlarda Azərbaycanla Ermənistan arasında məsələni qaldırmaqla, digər oyunçuların daxil olmasına imkan vermir”. 

 

M.Əsədullazadə vurğulayıb ki, əgər sülh müqaviləsi bağlanarsa, bu, Rusiya ərazisində olmayacaq:

 

“Türkiyə və Ermənistan arasında danışıqlar gedir. Türkiyə rəhbərliyi Ermənistana Azərbaycanla sülh müqaviləsi üzrə danışaqlarda Qərbin iştirak etməməsi şərtini irəli sürüb. Qaluzinin məlum açıqlamasında Rusiya bir növ Azərbaycanla Ermənistan arasında ikitərəfli danışıqlarda Ankaranın iştirakına qarşı olduğunu göstərir. Bundan sonra, Rusiyanın Azərbaycanla Ermənistan arasında hərhansı bir vasitəçiliyi mümkün deyil”.

 


Firuzə Əliyeva

Seçilən
1
1
sfera.az

2Mənbələr