"Askaniyanın fəaliyyəti, xüsusilə də Qarabağdan köçürülən ermənilər mövzusunda beynəlxalq ictimaiyyətdə fikir formalaşdırmaq məqsədi daşıyır. O, bunun üçün bir cəmiyyət yaradıb və bu prosesdə Ermənistanın baş naziri Nikol Paşinyanın da rolu var."
Hərbi ekspert Azər Bayramov bunu News365.az-a açıqlamasında deyib.
"Askaniyan əvvəllər də müxtəlif çıxışlar edərək Ermənistan müxalifətini qızışdırmağa və demokratik proseslərə mane olmağa çalışıb.
Hazırda o, xüsusilə Fransanın dəstəyilə Avropada təxribatçı fəaliyyətlərini davam etdirir. Halbuki, onun heç bir rəsmi titulu yoxdur, amma buna baxmayaraq, müxtəlif ölkələrin rəsmiləri ilə görüşlər keçirir. Bu da göstərir ki, təkcə Ermənistan və onun müxalifəti deyil, eyni zamanda prosesin pozulmasında maraqlı olan bəzi Avropa ölkələri də Askaniyanı irəli çəkərək, beynəlxalq ictimaiyyətdə yanlış fikir formalaşdırmağa çalışırlar.
Hərbi ekspert bildirir ki, Askaniyanın niyyəti Azərbaycanda vəziyyəti gərginləşdirməkdir:
"Askaniyanın açıqlamaları reallığı əks etdirmir, əksinə, vəziyyəti daha da gərginləşdirmək məqsədi daşıyır. Son zamanlar Azərbaycan və Ermənistan arasında sərhəd demarkasiyası ilə bağlı dövlət komissiyalarının görüşləri keçirilib və müəyyən addımlar atılmağa başlanıb. Lakin Askaniyan kimi şəxslər bu prosesi pozmağa və ictimaiyyətdə çaşqınlıq yaratmağa çalışırlar. Onun iddialarından biri də sərhəd demarkasiyasının Azərbaycan torpaqlarının itirilməsinə səbəb olacağıdır. Halbuki, reallıq tam fərqlidir: Azərbaycanın qanuni əraziləri hələ də tam geri qaytarılmayıb və üçtərəfli bəyanata əsasən, Ermənistan bu öhdəlikləri yerinə yetirməlidir."