Ölkədə kişilər və qadınlar arasında maaş fərqi gündəmdən düşməyən aktual məsələlərdəndir. Rəsmi statistikaya görə, kişilərin 1 069 manat, qadınların isə orta aylıq maaşı 735 manatdır. Bu, kişilərin 31 faiz çox qazandığını göstərir.
Bəzi sahələrdə fərq daha böyükdür. Məsələn, elm və texniki sahələrdə qadınlar kişilərdən iki dəfə az maaş alır. Təhsildə isə fərq 14 faizdir.
Əgər maaşlar cinsə görə təyin olunmursa, niyə kişilər daha çox qazanır? Bu, gender bərabərsizliyidir, yoxsa işin ağırlığı ilə bağlıdır?
Mövzu ilə bağlı Medianews-a açıqlamasında iqtisadçı-ekspert Günay Hüseynova bildirib ki, özəl sahələrdə əsasən kişi qadın ayrımı olur, bu da əmək qabiliyyətli əhalinin haqlı narazılığına səbəb olur.
“Nümunə üçün hansısa kafe və ya mini restoran tipli müəssisələrdə ofisiant xanım tələb olunur elanı ilə tez-tez qarşılaşırıq. Əmək haqqı 1000 manatdan artıq olur bəzən, burada hansı işin ağırlığından söhbət gedə bilər? Eyni işi görən kişi ofisiant günlük 10-12 manat alır.Və ya olsun dövlət müəssisələri, müdirin katibə və ya köməkçiləri xanımdır. Kişi eyni işi görə bilmirki guya? Sosioloqlar işin ağırlıq sahəsinə görə qeyd edirlər. Ən ağır sahələrdən biri də hərbi sahəsidir. Bu sahədə qadınlar da çalışır. Başqa ölkələrdə xanımlar da hərbi xidmətdə olur, onlara ağır olmur bəs? Marketlər minimum əmək haqqının qarşılığında 12 saat işlədir, bu ağır deyil, nədir bəs?Ağır iş deyəndə, ağır yük qaldırmaq nəzərdə tutulur məgər?”,-deyə Günay Hüseynova deyib.
Xanım ekspert qeyd edib ki, bu gün maşın ustası çörək bişirən qadından daha çox qazanır:
“Bəlkə də işin ağırlığı eynidir. Avtomobil ustası bilir ki, avtomobil əksər kişilərin “döyünən ürəyidir”, 500 manat da desə çıxarıb verəcək hansısa xidmətə. Qanunda kişi və qadın ayrıseçkiliyi yoxdur. Lakin “yazılmayan qanunlar” mentalitetdə, insanların təfəkküründə var. Bu gün Türkiyədə kişilər ayaqyolu təmizləyir, yolları süpürür. Məvacibləri isə olduqca yuxarıdır. Ən azından minimum əmək haqqı alanlara nisbətən. Azərbaycan kişisi işləyərmi bu sahədə? Əlbəttə yox. Nəzərinizə çatdırım ki, o həmin ağır işlərdə cüzi də olsa işləyən xanımlar var. Sadəcə sayları az olduğu üçün statistik məlumatlarda yer tapmır”.
Fəlsəfə doktoru, sosioloq Mail Yaqub isə açıqlamasında bunları deyib:
“Ümumiyyətlə, qanunda heç bir diskriminasiya və fərq qoyulması mövcud deyil. Bu, daha çox təbii və obyektiv səbəblərdən baş verir. Məsələn, bəzi sahələrdə xanımlar işləmirlər və ya az işləyirlər, çünki bu sahələr çətindir. Ona görə kişilər bu sahələrə yönəlir və belə fərqlər yaranır. Xüsusilə statistika deyir ki, Bakı şəhərində orta məktəbdə çalışan pedaqoqların, müəllimlərin təxminən 80 faizə yaxını xanımlar təşkil edir. İndi nəzər yetirək, xanımlarla kişilər arasında əməkhaqqı baxımdan fərq varmı? Xeyr”.
M.Yaqubun sözlərinə görə, ağır sahələrdə, məsələn, informasiya və texnologiya sahəsində, kişilər daha çox işləyirlər:
“Bu sahələr yüksək əməkhaqqı və gərgin zehni iş tələb edir. Gələcəkdə qadınlar da bu sahələrdə daha çox yer ala bilər. Qadınların potensial imkanları var. Praktik olaraq çox çətin sahələrdir. Eyni şəkildə, mədən sənayesində də kişilər daha çoxdur, çünki bu, çətin bir sahədir və qadınlar burada işləyə bilməz. Mən diskriminasiyanı qəbul etmirəm. Əgər xanımlar və kişilər eyni işi görürlərsə, əməkhaqqı baxımından fərq olmamalıdır. Burada bərabər baxış olmalıdır”.
Oğuz Ayvaz
Medianews.az