Qış mövsümünün ən maraqlı və ekstremal yarışlarından biri olan Red Bull Qaçaqaç sona çatıb.

Offsideplus.az xəbər verir ki, 200-dən çox iştirakçının qatıldığı bu yarışda xizək və snoubord sürənlər bir araya gəlib.

Şahdağ Turizm Mərkəzində baş tutan yarışda iştirakçılar 2,351 metr yüksəklikdən start götürərək əvvəlcədən hazırladıqları snoubord və xizəklərinə doğru 100 metr qaçmalı, onları sürətlə geyinərək 5 kilometrlik məsafəni qət etməli idilər.

 

Dongfeng Azərbaycan brendinin dəstəyi ilə keçirilən Red Bull Qaçaqaç yarışında 5 qalib müəyyən olunub:

Ən sürətli snoubordçu (qadın) – Nuranə Musayeva

Ən sürətli snoubordçu (kişi) – Elçin Məmmədov

Ən sürətli xizəkçi (qadın) – Nurel Hacıbəyli

Ən sürətli xizəkçi (kişi) – Ceyhun Balamətov

Ən kreativ geyim qalibi – Evgeniy Borordin

 

Qaliblər 500 AZN pul mükafatı, Red Bull eynəyi və Şahdağ Turizm Mərkəzindən müxtəlif hədiyyələr qazanıb. Ən sürətli snoubordçu və xizəkçilər Sport System mağazasından 5 əyləncə kuponu, ən kreativ geyim qalibi isə paraplanla uçuş əldə edib.

Red Bull Qaçaqaç yarışı ölkəmizdə artıq üçüncü dəfə keçirilir və dünyanın bir çox ölkəsində tanınan “Red Bull Homerun” formatına əsaslanır. Yarışın məqsədi qış idman növlərini daha da populyarlaşdırmaq və iştirakçılara həyəcan dolu və unudulmaz anlar yaşatmaqdır.