“Barselona”nın zədədən yenicə qayıtmış 25 yaşlı uruqvaylı mərkəz müdafiəçisi Ronald Arauxo yenidən zədələnərək, sıradan çıxıb.
Arena.az bu barədə Kataloniya klubunun mətbuat xidmətinə istinadən məlumat verir.
Uruqvaylı müdafiəçi İspaniya La Liqasının 23-cü turunda Sevilya ilə səfər oyununun (4:1) birinci hissəsində zədələnərək, meydanı tərk etməli olub.
Arauxonun topuq zədəsi aldığı məlumdur, ancaq bunun alt fəsadlarının ola biləcəyi də istisna deyil. İlkin təxminlərə görə, Arauxo üç həftəlik müddətə sıradan çıxıb.
“Barselona”nın alman baş məşqçisi Hans-Diter Flik vəziyyəti şərh edib:
“Arauxonun vəziyyəti? Sabah (artıq bu gün – redaktorun müvafiq məlumatı əsasında qeydi) gərəkli müayinələr keçiriləcək, bizə isə gözləyib səbr etmək qalır. Biz ümidvarıq ki, zədə ciddi olmayacaq” – Flik oyunsonrası mətbuat toplantısında bildirib.
Arauxonun bu gün, fevralın 10-da əsaslı tibbi müayinədən keçəcəyi haqda məlumatı məşhur italyan jurnalist-insayder Fabritsio Romano da təsdiqləyib.
Ronald Arauxo “Barselona”ya 2018-ci ilin avqustunda 4,7 milyon avro məbləğ müqabilində “Boston River”dən (Uruqvay) keçib. Bir müddət Kataloniya klubunun “B” komandasında çıxış etmiş uruqvaylı müdafiəçi 2020-ci ilin oktyabrında “Barselona”nın əsas heyətinə keçirilib. Arauxo klub layihəsinin əsas fiqurlarından biri hesab edilir.
Uruqvaylı müdafiəçinin Kataloniya klubu ilə müqaviləsinin müddəti 2031-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.
Arauxo cari mövsümün birinci dövrəsinin böyük hissəsini zədə səbəbi ilə kənardan izləməli olub. Sağalıb bərpa olaraq heyətə qayıtmış uruqvaylı müdafiəçi “blauqrana” üçün bütün yarışlarda 8 oyun keçirib, 1 qol və 1 məhsudlar ötürmə ilə fərqlənib.
Arauxonun “Barselona”nın heyətində çıxışının ümumi mənzərəsi isə 158 oyun, 9 qol və 6 məhsuldar ötürmədən ibarətdir.
Ronald “Barselona” ilə İspaniya La Liqasının (2022/2023), İspaniya Kral Kubokunun (2020/2021), İspanya Super Kubokunun (2022/2023, 2024/2025) qalibi olub.
Ronald Arauxo 2020-ci ilin oktyabrında debüt etdiyi Uruqvay yığmasının heyətində 20 oyuna 1 qol, 3 məhsuldar ötürmə ilə fərqlənib.
“Transfermarkt” internet-portalı 25 yaşlı uruqvaylı mərkəz müdafiəçisinin transfer dəyərini 55 milyon avro məbləğində qiymətləndirir.