Bakı, TurkicWorld
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Malayziyanın paytaxtı Kuala Lumpurda dövlət işçiləri və tələbələr qarşısında çıxış edərək, İsrail-Fələstin münaqişəsinə dair mühüm mesajlar verib.
TurkicWorld AzerVoice -ə istinadən xəbər verir ki, Ərdoğan, Fələstin müqavimət hərəkatının qəhrəmancasına mübarizəsi sayəsində İsrailin strateji hədəflərinə çata bilmədiyini vurğulayıb. O, 19 yanvar tarixində HƏMAS ilə İsrail arasında əldə edilən atəşkəs razılaşmasını xatırladaraq, İsrailin qanunsuz və aqressiv siyasətini davam etdirdiyini bildirib.
Ərdoğan Fələstin xalqının öz torpaqlarından qovulması ilə bağlı bəzi dairələrdə səsləndirilən təkliflərin ciddi qəbul edilə bilməyəcəyini vurğulayaraq, Fələstin xalqına ikinci bir Nəkbə yaşatmağa heç kimin gücünün çatmayacağını bəyan edib.
“Müqavimət qüvvələrinin qəhrəmancasına mübarizəsi sayəsində İsrail strateji məqsədlərinə nail ola bilmədi. Nəhayət, bizim də töhfə verdiyimiz prosesin sonunda 19 yanvarda HƏMAS ilə İsrail arasında atəşkəs razılaşması əldə olundu. Lakin İsrailin qanunsuz və korlanmış mövqeyini davam etdirdiyini görürük. Fələstinlilərin min illərdir yaşadıqları torpaqlardan qovulması ilə bağlı təkliflərin ciddi qəbul edilə biləcəyini düşünmürük. Allahın izni ilə heç kimin Fələstin xalqına ikinci bir Nəkbə yaşatmağa gücü çatmaz.”- deyə o bildirib.
Qeyd edək ki, Nəkbə — 1948-ci il Fələstin müharibəsi zamanı Məcburi Fələstində fələstinlilərin etnik təmizləməsi olub, onların zorakı yerdəyişməsi və torpaqlarını, əmlaklarını və əşyalarını ələ keçirmələri, eyni zamanda cəmiyyətin, mədəniyyətinin, şəxsiyyətinin, siyasi hüquqlarının və milli istəklərinin məhv edilməsidir. "Nəkbə" termini ilk dəfə suriyalı tarixçi Konstantin Zureyk tərəfindən 1948-ci ildə nəşr olunmuş "Məna ən-Nəkbə" (Fəlakətin mənası) kitabında istifadə edilib. İsrail mənbələri Avropa yəhudilərinin fəlakəti ilə bağlı "Nəkbə" sözünün işlədilməsini qəbuledilməz hesab edir.