Fransa prezidenti Emmanuel Makron ABŞ Prezidenti Donald Trampın administrasiyası Avropa mallarına yeni tariflər tətbiq edəcəyi təqdirdə ona qarşı duracağını bəyan edib.

İndex.az xəbər verir ki, o, bu barədə CNN-ə müsahibəsində bildirib.

E.Makron vurğulayıb ki, belə tədbirlər təkcə Avropa İttifaqının (Aİ) iqtisadiyyatına zərbə vurmayacaq, həm də amerikalıların özləri üçün qiymətlərin artmasına səbəb olacaq.

“Əgər siz müxtəlif sektorlarda tariflər tətbiq etsəniz, bu, ABŞ-də xərcləri artıracaq və inflyasiyaya səbəb olacaq. Vətəndaşlarınız bunu istəyirmi? Əmin deyiləm”, – Makron Trampa müraciət edib.

Fransa lideri hesab edir ki, ABŞ üçün əsas təhlükə Avropa deyil, Çindir.

Makron rüsumlar məsələsində Donald Trampa “qarşı durmağa” hazır olub-olmadığı sualına cavab olaraq deyib: “Mən bunu artıq etmişəm və yenə edəcəyəm”.

O vurğulayıb ki, Avropa İttifaqı öz maraqlarını qorumağa hazır olmalıdır: “Əgər rüsumlarla bağlı problemlərimiz yaranarsa, biz onları müzakirə edəcək və müvafiq tədbirlər görəcəyik”.