Paytaxtda fəaliyyət göstərən restoranlarda servisə görə əlavə ödənişin tələb edilməsi məsələsi yenidən gündəmə gəlib.
Ölkə.Az xəbər verir ki, bu barədə istifadəçilər sosial şəbəkələrdə yazıb. Onlar ödəniş zamanı əlavə servis haqqının qeyd edilməsinin qanuni olub-olmadığını sual edib.
Mövzu ilə bağlı Ölkə.Az-a danışan hüquqşünas Şamil Paşayev bildirib ki, xidmətə görə, qanunvericilikdə əlavə ödənişin edilməsi məsələsi yoxdur:
"Nəzərə almaq lazımdır ki, Azərbaycan Respublikasının qanunvericiliyində ictimai iaşə obyektlərinin fəaliyyətini tənzimləyən normalarda restoran qənnadı məmulatlarının təqdim edildiyi yer kimi xarakterizə olunur. Belə olan halda həmin xidməti göstərmək üçün restoranın əlavə pul alması ümumiyyətlə, absurddur. Vətəndaşlar bundan narazı olduğu halda şikayət edə bilərlər. Restoran kimi fəaliyyət göstərirsə, onun işi onsuz da qənnadı məmulatlarını, ət, yemək, içmək və s. istehlakçıya təqdim etməkdir. Bunu təqdim etməyə görə əlavə pul almaq həm qanuna, həm də məntiqə uyğun deyil. Əsas qanun pozuntuları 10% xidmət haqqının əməkdaşlara veriləcəyi ilə bağlıdır ki, buna da demək olar ki rast gəlinmir. Vətəndaşlar bu xidmət haqqından əlavə bəxşiş vermək məcburiyyətində də qalırlar".
Hüquqşünas xidmətə görə əlavə ödənişin menyularda qeyd edilməməsinin də qanun pozuntusu olduğunu söyləyib:
"Ən böyük problemlərdən biri ondan ibarətdir ki, xidmət haqqı əksər hallarda menyuda yazılmır, vətəndaşlar bundan xəbərsiz olurlar. Sonda qiymət gələndə isə sürprizlə qarşılaşırlar. Bu kimi hallardan narazı olan vətəndaşlar Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi şikayət edə və məhkəməyə müraciət edə bilərlər".
Billurə Yunus