AZ

Rusiya Federasiyası Dövlət Dumasının deputatı Nikolay Valuyevin Azərbaycanın ünvanına təhqiramiz ifadələri ilə əlaqədar onun adı Azərbaycan Respublikasına girişi qadağan edilmiş şəxslərin siyahısına daxil edilib. Bu barədə Azərbaycan XİN-in rəsmi nümayəndəsi Ayxan Hacızadənin şərhində deyilir.

"Anti-Azərbaycan mövqeyi ilə əlaqədar bu deputatın Azərbaycana girişinə qadağa qoyulub", deyə XİN nümayəndəsi bildirib.

Bu, Rusiya Dövlət Dumasının deputatlarının “arzuolunmaz şəxslər” siyahısına daxil edilməsi üzrə ilk hal deyil, deyə o xatırladıb. Bundan əvvəl Rusiya Federasiyası Federal Məclisi Dövlət Dumasının MDB ilə iş Komitəsinin birinci müavini Konstantin Zatulin və Ailənin müdafiəsi komitəsinin sədrinin müavini Vitaliy Milonov da Azərbaycanda "arzuolunmaz şəxs" kimi müvafiq siyahıya daxil edilib. 

"Bütün bu deputatlar məhz Rusiyanın hakim partiyası olan "Vahid Rusiya" (Yedinaya Rossiya) partiyasının üzvləridir", deyə Hacızadə qeyd edib.

Bir müddət əvvəl Valuyev Azərbaycan hakimiyyətinin ölkədə Rus Evinin fəaliyyətinin dayandırılması haqqnda qərarından narazılığını bildirib və deyib ki, "Moskvanın bu cür hücumlara cavabı analoji olmalıdır".

Onun fikrincə, cavab tədbirləri azərbaycanlıların diaspor təşkilatlarını əhatə etməlidir.

O, öz Telegram kanalında bildirib ki, sakitcə, dövlət daxilində siyasi dəstək və güc dəstəyi ilə, söyüşsüz və qışqır-bağırsız "bütün bu gədə-güdəni qanun ələyindən keçirmək" lazımdır.

Seçilən
11
turan.az

1Mənbələr