AZ

Dəyişkən iş qrafiki tıxacları aradan qaldıracaq? - ARAŞDIRMA



Xəbər verdiyimiz kimi, Bakıda dəyişkən iş qrafikinin tətbiqi üçün Tədbirlər Planının hazırlanmasına başlanıb. Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən bildirilib. Qeyd edilib ki, “Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı”na əsasən, 2025-2026-cı illərdə dövlət orqanlarının (qurumlarının), təhsil və tibb müəssisələrinin, habelə digər hüquqi və fiziki şəxslərin iş rejimi dəyişkən iş qrafikinə əsasən təşkil edilməlidir:

“Bu tapşırıqların icrasının təmin edilməsi məqsədilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən müvafiq Tədbirlər Planının hazırlanmasına başlanıb. Tədbirlər Planına uyğun olaraq görüləcək işlər barədə ictimaiyyətə məlumat veriləcək”.

Xeyli vaxtdır ki, paytaxtda nəqliyyatın hərəkətində ciddi problemlər var. Günün müxtəlif vaxtlarında, xüsusilə də səhər və axşam saatlarında uzun tıxaclar yaranır. Bunun əsas səbəbi iş yerlərinin, təhsil müəssisələrinin və digər obyektlərin eyni saatda fəaliyyətə başlaması və eyni saatda bağlanmasıdır. Nəticədə nəqliyyat şəbəkəsi həddindən artıq yüklənir, metro və avtobuslarda dözülməz sıxlıq yaranır. Buna görə də ən azı iş saatlarının 1-2 saat fərqlə təşkil edilməsi vacibdir.

Sosioloq Elçin Bayramlı deyir ki, elə iş yerləri var, səhər saatlarında açılması vacibdir:

"Amma elə iş yerləri də var ki, 1 və ya 2 saat gec başlanması problem yaratmaz, iş əmsalına ciddi təsir etməz. O səbəbdən də belə iş yerləri, müəssisələr işə bir az gec də başlaya bilər. Elə dövlət orqanları var ki, iş saatı standart olmalıdır. Amma məsələn, tələbələrin dərs saatlarının irəli-geri çəkilməsi heç bir problem yaratmayacaq. Bu məsələlər dəqiq müəyyənləşməlidir”.
O
nun sözlərinə görə, şəhər əhalisinin 95 faizi eyni vaxtda işə gedib gəlirsə, bu, doğurdan da çox böyük problem yaradır:

"Heç bir nəqliyyat şəbəkəsi bunun öhdəsindən gələ bilməz. Bu mümkün deyil. Hazırda ikinövbəli təhsil müəssisələri də var. Onların da saatını dəyişdirmək mümkündür. Dəyişkən iş qrafiki olarsa, işə tez gələn axşam tez də çıxıb evinə gedəcək”.

Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının sədri Sahib Məmmədovun dediyinə görə, indi Bakıda sovet dövründə olduğu kimi, minlərlə işçisi olan müəssisələr yoxdur:

"Bircə neftayırma zavodu var ki, onun da işçiləri növbəli işləyirlər. Digər tərəfdən, dəyişkən iş qrafikini işəgötürənlərin razılığı olmadan, onlarla müzakirə etmədən etmək olmaz. Bunun üçün bir neçə qurum toplaşıb birgə məsələhətləşmələr aparmalıdır. Dəyişkən iş qrafikinin tətbiqi şəhərdə sıxlığın, tıxacın qarşısını almaq üçün görülən kompleks tədbirlərdən biridir. Bu qərar yalnız kompleks tədbirlər çərçivəsində səmərə verə bilər. Hesab edirəm ki, dövlət strukturlarında iş özəl sektorlara nisbətən daha tez başlamalıdır. Özəl sektorun da iş qrafikinə dəyişiklik edilməlidir. Bu, vacibdir. Əgər dövlət orqanlarında iş saat 08:00-da başlayacaqsa, özəl müəssisələrdə ən azı 1-2 saat gec tətbiq edilməlidir. Müəssisələr arasında iş saatlarının bölgüsündə eyniləşmə aradan qaldırılsa, tıxac problemi də həllini tapmış olar. Özəl müəssisələrinin fərqli saatlarda işə başlaması və fərqli saatlarda işi başa çatdırması imkan verir ki, vətəndaşlar tıxacda az zaman sərf etsinlər”.

S.Məmmədov bildirib ki, paytaxtda əsas tıxac yaradan təhsil müəssisələridir. Təhsil müəssisələrində isə dərs saatını bir saat irəli və yaxud geri çəkmək nə qədər mümkün olacaq, onu demək bir qədər çətindir: “Dərslərin başlanma saatını dəyişmək də çıxış yolu deyil. Bu gün məktəblərin ətrafında tıxac yaradan səbəbləri aradan qaldırmaq lazımdır. Valideynlər uşaqlarını avtomobildən məktəbin düz qapısında düşürür. Yaxında parklanma yeri olsa da, valideynlər avtomobili məktəbin yaxınlığında saxlayırlar. Ona görə də, qanunsuz parklanmanın da qarşısını almaq lazımdır".

Ekspert bildirib ki, tıxacların azalması üçün şəxsi nəqliyyat vasitələrinin də sayı azalmalıdır. Bu isə inzibati yollarla mümkün deyil. İnsanların kütləvi avtomobilləşmədən imtina etməsi üçün ictimai nəqliyyat növlərinin sayı artırılmalıdır. İctimai nəqliyyat elə işləməlidir ki, insanlar şəxsi avtomobillərdən imtina edib avtobusdan istifadə etsinlər. Əgər bu məsələ həll olunmasa, insanların şəxsi avtomobillərdən imtinası mümkün olmayacaq. İş saatlarının dəyişdirilməsi sayəsində şəhərdə işçilərin nəqliyyatla hərəkəti zamanlar üzrə bölünəcək. Bu da yollardakı sıxlığın aradan qaldırılmasına təsir göstərəcək".

İqtisadçı Natiq Cəfərlinin fikrincə, dövlət sektorunda dəyişkən iş qrafikinin tətbiqi mümkündür: “Fikrimcə, büdcədən maliyyyələşən dövlət təşkilatlarında dəyişkən iş qrafikinin tətbiqi səmərə verə bilər. Həmçinin heç bir ciddi problem yaratmaz. Üstəlik əgər iş qrafiki düzgün tənzimlənərsə, bu yollarda sıxlığın azalmasına səbəb ola bilər. Lakin özəl sektorda dəyişkən iş qrafikinə keçid bir qədər çətindir. Demək olar ki, mümkün deyil. Özəl sektor adındanda göründüyü kimi, özəl qurumlardır və əsasən, öz gəlirlərini düşünürlər. Bu səbəbdən də özəl sektorda dəyişkən iş qrafikinin tətbiqi problem yarada bilər”.

Millət vəkili Vüqar Bayramov hesab edir ki, dəyişkən iş qrafiki bir sıra inkişaf etmiş ölkələrdə tətbiq olunur. Bunun da əsas mahiyyəti məhz dövlət qurumları, eləcə də, özəl sektor, o cümlədən, tibb müəssisələri və məktəblərdə fərqli saatlarda işə başlamaq və iş vaxtının bitməsindən ibarətdir.

Onun dediyinə görə, fərqli saatlarda işə başlamaq nəticə etibarilə nəqliyyata tələbi, eyni zamanda şəxsi avtomobillərdən istifadəni saatlar üzrə şaxələndirəcək: "Bu da eyni saatda daha az nəqliyyat vasitəsinin istifadə olunması mənasına gəlir. Ona görə də bir çox dünya ölkələrində olduğu kimi Azərbaycanda da bu sistemin tətbiq edilməsi praktiki olaraq sıxlığın azalmasına gətirib çıxara bilər".

Sevinc,
BakuPost

Seçilən
11
1
bakupost.az

2Mənbələr