AZ

“Soyuq müharibə”nin qalibləri “Amerikanın səsi”, “Azadlıq” yolayrıcında: ya arxiv, ya yenilik - TƏHLİL

ABŞ Dövlət İdarəetməsinin Səmərəliliyi Departamentinin rəhbəri İlon Mask “Azadlıq Radiosu” və “Amerikanın səsi” radiostansiyalarının bağlanması ilə bağlı təklifi dəstəkləyib.
 
Prezident Donald Trampın ən yaxın adamlarından sayılan ABŞ-nin məşhur iş adamı, milyarder maraqlı çıxış, görüş və təşəbbüsləri ilə seçilir.
 
Prezidentin andiçməsindən bir neçə gün sonra Mask iki milyon federal məmura e-poçt göndərərək onları işdən çıxmağa çağırıb. O, işçilərə yeddi aylıq əməkhaqqının bonus şəklində verilməsini də təklif edib.
 
Ötən ilin payızında o, seçilmiş prezident Donald Trampın müşaviri olaraq İranın BMT-dəki daimi nümayəndəsi Əmir Səidinin iştirakı ilə İslam Respublikasının iki məmuru ilə görüşüb. Tərəflər ABŞ ilə İran arasında gərginliyin azaldılmasına dair məsələləri müzakirə ediblər. Məlumatlara əsasən, bir saatdan artıq sürən danışıq “müsbət” qiymətləndirilib.
 
Bu günlərdə dünya mediasının gündəmində müzakirə olunan USAID-lə bağlı ən sərt ifadəni də dövlət rəsmisi kimi İlon Mask işlədib: “Bu, cinayətkar təşkilatdır və ölmək vaxtıdır”. İlon Mask Ağ Ev administrasiyasında heç bir vəzifə daşımasa da, təklifləri dövlət başçısı tərəfindən bəyənilir.
 
Bu açıqlamanın ardınca Donald Tramp agentliyin Vaşinqtondakı mənzil-qərargahının bağlanmasına razılıq verib.
 
RAZİLİQ.jpg (35 KB)
 
İlon Mask bir müddət əvvəl dövləti “Associated Press” və “Politico”nu maliyyələşdirməni, “talançı xərcləmələri" dayandırmağa çağırıb. Bunun ardınca “Politico”nun maliyyələşməsi planı dayandırılıb.
 
Belə çıxır ki, ABŞ Prezidentinin dövlət büdcəsinə qənaət siyasətinə “Azadlıq Radiosu” və “Amerikanın səsi” də daxil edilib.
 
İlon Mask ABŞ Milli kəşfiyyatının keçmiş direktoru Rik Qrenellinin bunların bağlanması ilə bağlı təklifini dəstəkləyərək bildirib: “Boğucu bürokratiyanı nəzərə almasaq, Avropa indi azaddır. Onlar heç kim dinləmir. Sadəcə olaraq, radikal, ağılsız solçular amerikalı vergi ödəyicilərinin bir milyard dollarını yandırmaq üçün öz aralarında danışırlar”.
 
Hər iki radio keçmiş SSRİ-nin dağılmasında siyasi-təbliğat vasitəsi və alternativ informasiya mənbəyi kimi əvəzsiz rol oynayıb.
 
“Azad Avropa radiosu/Azadlıq radiosu” 1949-cu ildə Milli Komitə tərəfində Azad Avropa uğurunda anti-kommunist təbliğat mənbəyi olaraq yaradılıb. Əvvəllər ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi və Konqresi tərəfindən maliyyələşib. 1976-cı ildə bu radiolar birləşib.
 
1950-ci il iyulun 4-də Qərbi Almaniyada sosialist düşərgəsi üçün verilişlər yayımlayıb. Əvvəlcə Bolqarıstan, Çexoslavakiya (indiki Çexiya və Slovakiya - red.), Macarıstan, Polşa, Rumıniyaya, 1975-ci ildən isə Litva, Latviya və Estoniya üçün proqramlar hazırlayıb, xəbərlər verib.
 
XEBERLER.jpg (118 KB)
 
“Azadlıq Radiosu”nun Azərbaycan xidməti 1953-cü il martın 6-da təsis edilib. Bu redaksiyanın ilk direktoru Abdürrəhman Fətəlibəyli olub.
 
1990-cı il yanvarın 20-də Bakıda sovet qoşunlarının törətdiyi qanlı hadisələri bütün dünyaya və Azərbaycan vətəndaşlarına büronun rəhbəri Mirzə Xəzər Mehdi Məmmədovun vasitəsi ilə çatdırıb.
 
2014-cü ilin dekabrından radionun Bakı bürosu bağlanıb. Onun verilişləri Praqadan yayımlanıb. Zaman keçdikcə Azərbaycan cəmiyyətinin informasiya əldə etmək imkanları genişləndiyindən radio öz aparıcılığını da itirib.
 
“Azadlıq radiosu” Azərbaycan dili ilə yanaşı, rus, erməni, gürcü, adıgey, avar, inquş, osetin, çeçen, karaçay-balkar, qazax, qırğız, tacik, özbək, türkmən, tatar, Belarus, Ukrayna, uyğur, qarakalpak, Kırım-tatar dillərində verilişlər yayımlayıb, yayımlayır.
 
Sovet kəşfiyyat xidməti bu radionun neçə-neçə əməkdaşının qətlə yetirməsində ittiham olunur.
 
Radionun Pakistan, Əfqanıstan, İran, İraq və başqa ölkələr üzrə büroları da fəaliyyət göstərir.
 
GOSTER.jpg (241 KB)
 
“Amerikanın səsi” radiosu ABŞ-nin Qlobal media agentliyinin tərkib hissəsidir. Onun mənzil-qərargahı Vaşinqtonda yerləşir. O, Azərbaycan dili də daxil olmaqla, ingilis və daha 45 dildə xəbərlər, rəylər, mədəniyyət proqramları yayımlayır.
 
Radiostansiya ilk dəfə 1942-ci il fevralın 24-də yayımlanmağa başlayıb.
 
Bu radio ABŞ Dövlət Departamenti tərəfindən maliyyələşir.
 
Keçmiş SSRİ vətəndaşları hər iki radiodan ittifaqda baş verənlər barədə doğru məlumatlar əldə edib. Hətta bir zamanlar bu radioları dinləyən SSRİ sakinlərinə qarşı cinayət işi açılıb.
 
Bu radiolar “soyuq müharibə”nin təbliğat vasitələri sayılıb. Hadisələr sübut etdi ki, “Azadlıq” və “Amerikanın səsi” radiostansiyaları ABŞ-SSRİ informasiya müharibəsinin qalibləridəndir. Onlar yaydıqları xəbərlər, hazırladıqları verilişlərlə sovet cəmiyyətindən gizli saxlanılan mətləbləri ifşa ediblər.
 
Hətta cəmiyyətin Sovet İttifaqı Kommunist Partiyasının başçılıq etdiyi rejimə qarşı mübarizəyə hazırlanmasında da onların rolu danılmazdır.
 
Bu, bir tarixi epoxadır. Keçmiş SSRİ vətəndaşları arasında bu radioları izləməyən az adam tapılar.
 
TAPİL.jpg (176 KB)
 
İndi vəziyyət dəyişib. Cəmiyyətlərin informasiya əldə etmək imkanları da çoxalıb. Xüsusən, sosial şəbəkə bu istiqamətdə daha fəaldır. Görünür, İlon Mask və Rik Qrenelli maliyyə baxımından onların bağlanmasını istəyirlər. Digər tərəfdən, zaman keçdikcə bəzən informasiya vasitələrinin fəaliyyəti dövlətlərarası münasibətlərə də xələl gətirə bilir. Həmin ideyanın yaranmasına bu məsələnin də səbəb olması istisna edilmir.
 
Dünyada alternativ informasiya əldə etmək imkanları genişləndikcə xarici təsirləri azaltmaq həm də hər dövlətin təhlükəsizlik məsələsinə çevrilir. Odur ki, ölkələr təhlükəsizliyi təhdid edən mənbələri neytrallaşdırmağa çalışırlar. Belə çıxır, həmin radiolar qlobal təhlükəsizlik baxımından ABŞ-nin maraqlarına artıq uyğun sayılmır. Ona görə də sözü Ağ Evdə keçən İlon Mask maliyyələşdirmə məsələsini qabartmaqla onların bağlanmasına diqqəti çəkib.
 
Hazırda Rusiya Ukraynada müharibə aparır. Ukraynalıların isə daha çox hərbi sahədə yardıma ehtiyacı var. Çünki bu savaşın hədəfləri məlumdur. Onu “Azadlıq”sız belə şərh edənlər çoxdur. “Amerikanın səsi” və “Azadlıq” radioları artıq aparıcı deyillər. Onlar “soyuq savaşın” qalibləridir. Odur ki, bu informasiya vasitələri ya tarixə qovuşacaq, ya da dəyişəcək...
 
Sədrəddin İsmayılov
Report
 
Seçilən
62
4
moderator.az

10Mənbələr