İtalyan mütəxəssis Alessandro Nesta yenidən “Montsa”nın sükanı arxasına – baş məşqçisi vəzifəsinə təyin edilib.
Arena.az bu barədə “Montsa”nın mətbuat xidmətinə istinadən məlumat verir.
Xatırladaq ki, Nesta ötən ilin dekabr ayında 23-də komandanın uğursuz nəticələrinə görə “Montsa”dan qovulmuşdu. Göründüyü kimi, heç ikicə ay keçməmiş 48 yaşlı mütəxəssis yenidən vəzifəsinə qaytarılıb.
O vaxt Nestanın yerinə təyin edilmiş 38 yaşlı italyan mütəxəssis Salvatore Bokketti isə işinin öhdəsindən gələ bilmədiyi – “Montsa”nı düşdüyü girdabdan çıxara bilmədiyi üçün istefaya göndərilib. Bokkettiyə komanda üçün etdiklərinə görə klub tərəfindən təşəkkür elan edilib.
Nesta ilk dəfə “Montsa”nın sükanı arxasında 2024-cü ilin iyul ayının 1-dən fəaliyyətə başlayıb. Çalışdırdığı müddətdə Nesta “Montsa”nı 20 oyuna çıxarıb, 3 qələbə və 7 heç-heçə mənzərəsində 10 məğlubiyyət yaşayıb. Nestanın rəbərliyi altında “Montsa” 27 qol vurub, 36 qol buraxıb.
24 oyundan 13 xalla “Montsa” İtaliya A Seriyasının yarış cədvəlində sonuncu, 20-ci pillədə qərarlaşıb.
Nestanın qarşısında “Montsa”nı İtaliya A Seriyasında saxlamaq kimi çətin bir tapşırıq dayanır. Buna imkan verən 17-ci yerdə qərarlaşmış “Empoli” ilə “Montsa” arasında 8 xallıq fərq var, amma bu halda olan komandanın A Seriyasında yerini qoruya biləcəyi şübhəlidir.
2014-cü ildə futbolçu karyerasına xitam verdiyini bəyan edəndən bəri, Alessandro Nesta ABŞ-da “Mayami”də 2 illik təcrübədən başlayaraq məşqçi kimi çalışıb. Daha sonra italyan mütəxəssis 2017/2018-ci illər mövsümündə “Peruca”nı çalışdırmaq məqsədilə vətəninə qayıdıb. Ardınca Nesta İtaliya B Seriyasında (2019-2021) “Frozinone”ni çalışdırıb. İtalyan mütəxəssis komandanın sükanı arxasında ikinci mövsümünün bitməsinə iki ay qalmış klubdan istefaya göndərilib. Nesta 2023-cü ilin iyunundan 2024-cü ilin iyununa qədər də “Recina”ya rəhbərlik edib.