Bank kartlarından oğurluq edənləri hansı cəzalar gözləyir? — Vəkildən AÇIQLAMA
"Bank kartlarından oğurluq bir neçə cinayət əməli üzərində dayanır. Burada həm oğurluq, həm də kibercinayətin özü var. Cinayət Məcəlləsində kibercinayətə görə konkret maddələr var".
Bu sözləri Demokrat.az-a açıqlamasında vəkil Əkrəm Həsənov deyib.
"Kompüter sisteminə qanunsuz daxil olma ən çox 6 ilədək azadlıqdan məhrumetmə;
Kompüter məlumatlarını qanunsuz ələ keçirmə ən çox 6 ilədək azadlıqdan məhrumetmə;
Kompüter sisteminə və məlumatlarına qanunsuz müdaxilə ən çox 6 ilədək azadlıqdan məhrumetmə;
Kompüter məlumatlarının saxtatalaşdırılması isə ən çox 2 ilədək həbs cəzası ilə nəticələnir. Ancaq işin içində oğurluq da var. Bunun üçün də hansı məbləğdə və qabaqcadan əlbir olma yolu ilə edilib edilməməsinə görə dəyişir. Kibercinayətlər zamanı ən azı 2 il azadlıq məhrumetmə cəzası verilir. Cinayət qabaqcaqdan əlbir olan bir qrup şəxs tərəfindən və ya xeyli miqdarda (5min-50 min manat arası) oğurluq ilə həyata keçirilibsə, 5 ilədək azadlıq məhrumetmə nəzərdə tutulur. Cinayət mütəşəkkil dəstə tərəfindən həyata keçirilib və külli miqdarda ziyan vurulubsa, (50 min-500 min manatadək) bu halda 10 ilədək azadlıqdan məhrumetmə qərarı çıxarılır. Xüsusilə külli (500 mindən çox) miqdarda ziyan vurulan zaman 14 ilədək azadlıqdan məhrumetmə cəzası oxuna bilir. Bu hallarda oğurluğa və kibercinayətə görə ayrı-ayrılqda hökm oxunur".
Əfsanə Kamal
Demokrat.az