AZ

Türkiyədə də Azərbaycan türkcəsinin tədrisinə ehtiyac var - EKSPERT

Bu sadəcə, kurslar şəklində deyil, orta məktəb tədrisi səviyyəsində olmalıdır

 Azərbaycan Respublikasının Türkiyədəki səfirliyinin nəzdindəki Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə Türkiyənin ən böyük və köklü universitetlərindən olan Qazi Universitetində Azərbaycan dili üzrə kurslar fəaliyyətə başlayacaq. Kurslar Qazi Universitetinin mərkəzi kampusunda Azərbaycan Mədəniyyət Mərkəzi üçün ayrılmış “Azərbaycan Araşdırmalar Mərkəzi”ndə əyani keçiriləcək və dərslər çərçivəsində tələbələr üçün oxu günləri, film nümayişləri və danışıq-müzakirə klubları təşkil ediləcək. 

Kursların iştirakçılarının azərbaycanlı tanınmış şəxslər, ictimaiyyət, mədəniyyət xadimləri ilə görüşləri və ana dilimizdə Azərbaycan, onun nailiyyətləri, milli mədəniyyətimiz və s. maraqlı mövzulara dair müzakirələr keçiriləcək. Azərbaycan Mədəniyyət Mərkəzindən əldə edilən məlumata görə, Azərbaycan dili kursları - dərsləri Mərkəzin bu sahədə təcrübəyə malik pedaqoqu tərəfindən ödənişsiz aparılacaq. Qazi Universitetində isə dərslər “məcburi olmayan, tələbələrə tövsiyə edilən dərslər”in onlayn siyahısına daxil ediləcək. Gələcəkdə Azərbaycan dili kurslarının daha da genişləndirilməsi, habelə ali təhsil ocaqlarında tədris proqramlarına daxil edilməsi və tədrisi istiqamətində də işlər həyata keçiriləcək. Qeyd edilir ki, tədrisə dair metodiki vəsaitlər, nəşrlər Türkiyədəki Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən təmin olunacaq, dərslərdə informasiya texnologiyaları tətbiq olunaraq, audio-video materiallar, dialoq və filmlər nümayiş olunacaq, dərslər fərqli metodika ilə aparılacaq. Kursları uğurla başa vuran müdavimlərə Azərbaycan Mədəniyyət Mərkəzi və Qazi Universitetinin birgə rəsmi sertifikatı veriləcək. Azərbaycan dili kurslarında Qazi Universitetinin tələbələri ilə yanaşı, digər universitetlər, maraqlı şəxslər, habelə başqa ölkələrin Türkiyədə təhsil alan tələbələri iştirak edəcəklər. 


Siyasi şərhçi, Əməkdar jurnalist Azər Həsrət “Sherg.az”a açıqlamasında qeyd etdi ki, qardaş Türkiyə ilə Azərbaycan, əlbəttə ki, bütün anlamlarda iç-içədir. Eyni millətik, dilimiz, dinimiz, kültürümüz eynidir. Sadəcə, son 100 ildə münasibətlər, xüsusilə Rusiyanın müdaxiləsi sayəsində qopma nöqtəsinədək çatdırılıb. Bu da dilimiz,  ləhcələrimiz arasında fərqliliyə səbəb olub:
 
- Əslinə qalanda, 100 il öncənin ədəbiyyatına, mətbuatına baxdıqda görürük ki, eyni dildən istifadə edirik. Eyni zamanda Türkiyə mətbuatına da, ədəbiyyatına da baxanda, görəcəyik ki, Azərbaycan türkcəsi ilə çox bənzər bir dil, eyni kəlmələr, eyni üslubdur. Yəni ondan daha öncə də Osmanlı imperiyası ilə Səfəvilərin, Qacarların türkcəsi də eyni olub. Sadəcə, Rusiyanın işğalı bizi bir-birimizdən ayırdı, parçaladı, uzaqlaşdırdı bəlli zaman kəsiyində. Hesab edirəm ki, bu dil kurslarının təşkil edilməsinə zərurət var. Bəzən belə fikirlər səslənir ki, buna nə ehtiyac var, eyni dildir, bir-birimiz anlayırıq. Əlbəttə, bir-birimizlə anlaşma problemimiz yoxdur. Amma mən özüm 2 il ədəbi türkcəni öyrənmişəm, həm Azərbaycan ədəbi dilinə, həm də artıq ədəbi türkcəyə yaxşı bələd birisi kimi bilirəm ki, bu dillər arasında oxuyub öyrənilməli bəzi fərqliliklər var. Bu fərqlilikləri yaxşı anlamaq üçün həm Azərbaycanda qardaş Türkiyənin türkcəsinin, həm də Türkiyədə Azərbaycan türkcəsinin tədrisinə ehtiyac var. Düşünürəm, bu sadəcə, kurslar şəklində deyil, orta məktəb tədrisi səviyyəsində olmalıdır. Orta məktəb şagirdlərinə, tədrisin bəlli bir mərhələsində 2 il Türkiyə türkcəsini tədris etmək olar. Həftədə 2 saat olmaqla. O zaman dil sahəsində inteqrasiya məsələmiz sürətlənmiş olacaq. Türkiyədə də Azərbaycan dilini orta məktəblərdə tədris etmək olar. Türkiyənin elə əraziləri var, Azərbaycan türkcəsi ilə çox yaxın ləhcədə danışırlar, bir-birimizi anlamaqda qətiyyən çətinlik çəkmirik. Amma elə ərazilər də var ki, xüsusən bəzi böyük şəhərlərdə qarşılıqlı şəkildə anlaşılmaqda çətinlik yaranır. Bu məsələ 2 dövlət arasında ortaq məxrəcə gəlinərək həll edilə bilər. İmkanlara baxmaq lazımdır. Necə olur, rus dilini bu qədər geniş öyrədirik, amma qanı qanımızdan, canı canımızdan olan Türkiyə türklərinin ədəbi dilini öyrətmirik? Hesab edirəm ki, Azərbaycan türkcəsi ilə Türkiyə türkcəsinin qarşılıqlı şəkildə tədrisində çətinlik olmamalıdır. 

Seçilən
8
sherg.az

1Mənbələr