AZ

Tıxaclar Bakıda kirayə evlərin bahalaşmasına səbəb olub - AÇIQLAMA

"Bakı şəhərində kirayə evlərin dayanmadan bahalaşmasına bir çox amillər təsir edir". 

Bu barədə Redaktor.az-a açıqlamasında əmlak eksperti Elnur Azadov son dövrlər paytaxtda kirayə mənzillərin qiymətinin tez-tez artması ilə bağlı danışarkən bildirdi. Onun sözlərinə görə, ilk ciddi bahalaşma təxminən 2010-cu ildən başladı:

"Məşhur "Sovetski" ərazisinin sökülməsi nəticəsində orada yerləşən çoxsaylı fərdi mənzillər var idi ki, onların qiyməti olduqca aşağı idi. Eyni zamanda o əraziyə yaxın bitişik digər ərazilərin də, "Kubinka" kimi, "Alatava" kimi, əsas "Sovetski" ərazisinin sökülməsi nəticəsində xeyli sayda ucuz mənzillər sıradan çıxdı. Hansılar ki, o zamana görə kirayə qiymətləri 150, 200, 300 manata kimi idi. Bu ucuz kateqoriya evlərinin əsas istifadəçiləri tələbələr və regionlardan gələn aztəminatlı ailələr idi. Ümumi ucuz kirayə mənzil fondunun təxminən 10 faizi bu kimi ərazilərdə coğrafi olaraq yerləşmişdi. Onların tədricən sökülməsi nəticəsində şəhərin orqanizasiyasında, yəni rayon, kənd, qəsəbələrdən əhalinin axması nəticəsində şəhərdə qıtlıq yaranmağa başladı".

Ekspert qeyd etdi ki, müxtəlif vaxtlarda qiymətlərdə kəskin artımlar müşahidə olunub.

"2016-cı ildən başlayaraq kirayə qiymətlərində 20-25 faiz kəskin artım müşahidə olundu. Sonrakı dövrlərdə ilbəil kirayə qiymətləri orta hesabla 5-7 faiz, 10 faizə kimi qalxırdı. Ən çox artım hər ilin avqust, sentyabr ayında tələbələrin axın dövrü ilə bağlıdır. Bu arada qiymətlər 25 faiz qalxırdı. Təkliflər az idi və bu artım nəticəsində ümumi bazarda kirayə qiymətləri tədricən qalxırdı. Söhbət Bakı şəhəri, onun mərkəzi və ətraf hissələrindən gedir. Mərkəz hissəsində yerləşən iki otaqlı mənzillərə tələbat çoxaldı. Əsasən mənzillər sutkalıq kirayə kimi təklifə yönlənirdi və tələbatın kəskin artması müşahidə olunurdu. Yəni bir çox turizm sahəsində işləyən şəxslər bu kimi mənzilləri artıq kirayələyərək, onları sutkalıq icarəyə verməyə başladılar. O zaman ki, pandemiya bitdi, kəndlərə, qəsəbələrə, rayonlara axışmış vətəndaşlar kültəvi şəkildə Bakıya qayıtmağa başladılar, bu ərəfədə kirayə mənzillərin 25 faizi kəskin bahalaşdı. Bir neçə ay ərzində dediyim dinamika dayanmadan artmaqda davam edirdi. Növbəti qiymət artımı 2022-ci ildə Rusiyanın Ukrayna ərazisində başladığı müharibə nəticəsində baş verdi. Həm Rusiya, həm Ukraynadan gələn müvəqqəti miqrantlar, həm bəzi həmyerlərimizin axını nəticəsində qısa müddətli bu kimi seqmentdə mənzillərin azalması müşahidə olunurdu. Həmişə də bu daha çox ucuz seqmentə yönəlir. Yəni ucuz seqment mənzilin 400-500 manata kimi olan hissəsinə aiddir".

Evlərin

Elnur Azadov son sıçrayışın COP29 tədbiri ilə bağlı olduğunu qeyd etdi.

"Bildiyimiz kimi həmin ərəfədə mənzil qıtlığı yarandı, qiymətlər fantastik şəkildə qalxdı. Bu tendensiya payızdan başladı və bu günə kimi bir çox resurslar hələ də qiymətləri yuxarı səviyyədə saxlamağa davam edirlər. Lakin son COP29 tədbirindən sonra şəhərdə ciddi tıxac problemi izlənilir. Əsasən şəhərin qıraq hissələrində, şəhərdən kənarda yaşayan vətəndaşlar, məsələn, Xırdalan şəhərindən Bakıya işləməyə, təhsil almağa gələn şəxslər çalışırlar ki, Bakı şəhərində evlər kirayələsinlər. Ona görə ki, yol infrastrukturu buna çətinlik yaradır deyə, Bakı şəhərinə tələbat yenə artdı. Son göstəricilər bunlardır. Həm də şəhərdə tıxac problemi, əlavə velosiped zolaqlarının ərsəyə gəlməsi, avtobus xətlərinin yaradılması nəticəsində bəzi ərazilərdə və bəzi saatlarda tıxacların çoxalmasına səbəb olur", - deyə ekspert bildirdi.

Aytəkin TOFİQQIZI

Seçilən
10
redaktor.az

1Mənbələr