AZ

Gürcüstanda azərbaycanlıların Saraçlı kəndində “kabus dolaşır”...

Image

Dəyanət Osmanlı: “Qonşu kəndlərlə müqayisədə artıq 10 ildən çoxdur ki, burada müxtəlif cinayət tərkibli hadisələr baş verir”

Gürcüstanın Bolnisi rayonunun Saraçlı kəndində baş verən müəmmalı hadisələr kənd camaatını ciddi əndişəyə salıb. Kənd sakinləri vəziyyətlə bağlı yerli orqanların qapısını döysələr də, amma reaksiya görməyiblər, bu səbəbdən də öz narahatlıqlarını media, sosial şəbəkələr vasitəsilə ictimailəşdirmək qərarına gəliblər. 

Yayılan videomüraciətdə kənd sakinlərindən biri vəziyyət haqda bu cür danışıb: “Daha qorxuruq. Yiyəsiz evləri yardılar. İndi qocalarımızın üstünə düşəcəklər. Yuxarıda bir qoca qarını öldürdülər, adını da “özü yıxılıb” qoydular. İsa kimi oğlanı öldürdülər, ortaya heç bir şey çıxarmadılar. Bir oğlanımız itdi, heç bir nəticə çıxarılmır. Kənddə ot yanır, “skladlar” yarılır, taxıl oğurlanır, heç bir nəticə çıxmır”. 

Kənd sakini deyib ki, nə baş verdiyini bilmirlər, amma bu işin başında kiminsə durduğu qənaətindədirlər. “Bizim kənddə 6 ildir evlər yarılır, cinayət işləri olur, amma heç birinin də qarşısı alınmır. Buna kim baxmalıdır? Təkcə bizim kənddə oğurluq olur”. 

Kənd sakini bildirib ki, nədənsə, Qoşakilsə, Faxralı, Mollaəhmədli, İmirhəsən, Qoçulu, Arıxlı, Həsənxocalı kimi qonşu kəndlərdə analoji hadisə baş vermir. Həyacan təbili çalan kənd sakinləri Gürcüstanın dövlət qurumlarından kömək istəyirlər. Saraçlı kəndindən çox böyük alimlərin, tanınmış şəxslərin, ustad sənətkarların çıxdığını deyən kənd sakini “indi bizim kənd məhv olub gedir” deyə bildirir. “Deyirlər ki, şikayət yoxdur. Şikayəti kim etsin? Bayram şikayət edib. O şikayətin cavabını bizə versinlər. Kim oğrudur? Onu cinayət şöbəsi tapıb bizə versin. Ya onu aşkarlayıb tutsunlar, ya da bu işin qarşısını alsınlar. Bu işin başında duran var ki, onun qarşısı alınmır. Xahiş edirik, bizim kəndə əncam çəkilsin” - deyə sakin bildirib. 

Saraçlı kəndində nə baş verir? Gürcüstanın aidiyyəti qurumları məsələni niyə araşdırmaq istəmir? Niyə bu hadisə məhz Saraçlı kəndində yaşanır? Kənd camaatı nə edir, hara müraciət ediblər? Söhbət kriminal şübhələrdən də gedir. Bu barədə hansı addımlar olacaq? 

“Ümidvarıq ki, rayon Bələdiyyəsi, icra və polis orqanları məsələyə daha ciddi şəkildə müdaxilə edib, cinayətkarların cəzalandırılmasını təmin edəcəklər”

"Borçalı"İctimai Birliyinin sədri Dəyanət Osmanlı “Bakı-Xəbər”ə “Bolnisi Bələdiyyəsinin Saraçlı (Mamxuti) kəndində oğurluq hadisəsinin baş verməsi ilk hal deyil, sadəcə, vəziyyət olduqca kritikləşdiyi üçün təbii şəkildə ictimailəşib. Mən qonşu ölkənin mətbuatını izləyirəm və başqa regionlarda da oxşar hadisələrlə bağlı xəbərlərlə rastlaşıram. Saraçlı kəndində isə vəziyyət daha mürəkkəbdir, camaat ard-arda məruz qaldığı   oğurluqlardan bezib və indi daha çox öz həyati təhlükəsi barədə düşünüb səslənir”-deyə bildirdi.

D.Osmanlı vurğuladı ki, Saraçlı Gürcüstanda Borçalının ən qədim və böyük kəndlərindən biridir. Birlik sədri qeyd etdi ki, insanları zəhmətkeş, humanist, vətəpərvər, elmə, sənətə, yeniliyə meyllidir. “Gürcüstanın ərazi bütövlüyünün qorunmasında və I-II Qarabağ savaşlarında fəal iştirak edib, şəhidlər verib. Belə bir kənddə kriminal xarakterli ünsürlərin peyda olması, insanların səksəkə içində yaşaması yolverilməzdir. Saraçlı, Faxralı, İmirhəsən, Qoşakilsə və ermənilərin yaşadığı Şaumyan qəsəbəsi ilə həmsərhəddir. Deyilənə görə, o kəndlərdə belə hadisələr olmur. Olmasını da kimsə istəməz.

Bu gün mövcud olan işsizlik, sosial çətinlik soydaşlarımızın kompakt yaşadığı ərazilərdə öz təsirini göstərir. Eyni zamanda, kriminal xarakterli proseslər, dini məzhəblərarası təfriqəçilər də bu ərazilərə ayaq açıb. Oğurluq halları isə, bu gün demək olar kütləvi xarakter alıb. Saraçlını bu sarıdan ən çox zərər görən kənd adlandırmaq olar. Qonşu kəndlərlə müqayisədə artıq 10  ildən çoxdur ki, burada müxtəlif cinayət tərkibli hadisələr baş verir. Yuxarı orqanlar da bu işlərdən məlumatlıdır. Deyirlər ki, axtarış tədbirləri aparılır. 

Ancaq indiyədək Saraçlıda baş verən məlum ölüm və oğurluq hallarının nəinki üstü açılıb, hətta bu kimi faktlarda artım müşahidə olunur. Kənd camaatının öz həyətyanı sahələrindən alın təri ilə onsuz da ağır olan dolanışığı üçün qazandıqlarını bir anın, bir günün içində oğrular yağmalayıb aparırlar. Burada yaşlı insanlar çoxdur, Azərbaycanla quru yolları bağlı olduğuna görə, Bakıda və başqa şəhərlərdə yaşayan övladları, qohum-əqrəbaları ilə get-gəllər azalıb. Bu da öğrular üçün bir fürsət deməkdir. Hətta öncələrdə olub ki, gecə vaxtı gəlib tənha qocalardan pul, zinət əşyaları tələb ediblər, olmayanda əllərinə keçən ev, təsərrüfat əşyalarını toparlayıb aparıblar. 

Düzü, bir neçə dəfə bizim və qonşu evlərdən də oğurluq ediblər. Həyətyanı çəpərlərin dəmir pəyələrinə kimi söküblər. Belə davam edərsə, evlərin dəmir eyvanlarını da kəsib aparacaqlar. Məncə, burada təsadüflər barədə danışmaq bir qədər sadəlövhlük olar. Kimlərdisə, bəlkə də bu hadisələri törətdirməkdə məqsəd kənddə sosial narazılığın artmasını və qonşu kəndlər arasında münasibətlərin pozulmasını, bölgədə genişlənməsini sağlamaqdır. Kim inanar ki, sabah Saraçlıda oğurlanası bir əşya-filan qalmayanda bu cinayətkar ünsürlər digər qonşu  kəndlərə keçməyəçək?!

Əlavə tədbirlərin görülməsində kənd cavanlarının köməyindən də istifadə oluna bilər. Türkiyədə bəzi kəndlərin PKK-çıların zülmündən, qarətindən müdafiəsi üçün bu üsuldan istifadə olunurdu və effekt də verirdi. Gürcüstanda belə hadisələrdən hamının, müvafiq orqanların da xəbəri var. Ümidvarıq ki, rayon Bələdiyyəsi, icra və polis orqanları məsələyə daha ciddi şəkildə müdaxilə edib, cinayətkarların cəzalandırılmasını təmin edəcəklər” - deyə D.Osmanlı bildirdi.

Biz də ümid edirik ki, Gürcüstanın aidiyyəti orqanları Saraçlı camaatını narahat edən bu xoşagəlməz hallara reaksiya verəcək və cinayəti törədənləri aşkarlayıb layiqli cəzasını verəcəklər.

İradə SARIYEVA





Seçilən
33
baki-xeber.com

1Mənbələr