Şagirdlərə psixoloji şiddət həm müəllimlər, həm də bəzən həmyaşıdlar və ya hətta valideynlər tərəfindən edilə bilər və şagirdlərin emosional, sosial və akademik inkişafına ciddi zərər verə bilər.
Redaktor.az xəbər verir ki, bu fikirləri təhsil eksperti Elmin Nuri deyib. Onun sözlərinə görə, bütün şiddət kimi, bullinq də yolverilməz hadisədir:
"Ümumiyyətlə, bir məktəb daxilində yaşanan ən arzuolunmaz, ən nifrətamiz, ən yolverilməz məsələ - bullinq hadisələridir. Fiziki baxımdan, psixoloji hazırlıqsızlığa görə kimlərdənsə geri qalan şagirdin ciddi tərbiyə problemi olan, çətin idarə olunan "şagird"lər tərəfindən bullinqə məruz qalması bir məktəbin ən böyük problemi hesab edilməlidir!".
Ekspertin fikrincə, müəllimlər belə şagirdlərin yanında olmalıdır.
"Başa düşürəm, müəllim də robot deyil. Onun öz ixtisası və görməli işlərlə bağlı öhdəlikləri var. Amma yenə də o qısnanan və ömürlük psixoloji travma ilə yüklənən şagirdin yanında olmalıdır! Məktəb rəhbərliyi ilə bərabər...Nə yaxşı ki, şagird davranış qaydaları gələn tədris ilindən bütün məktəblərdə tətbiq olunacaq. Bəlkə onda, özünü kimdənsə üstün hesab edib, bullinq yaradanlar öz haqlı cəzalarını alarlar".
Türkan İSGƏNDƏRLİ