AZ

Qumar kralının əmlaklarının ümumi sahəsi “Sea Breeze”lə müqayisə olunur – FOTO

Bakıda fəaliyyət göstərən bir neçə məşhur restoranın, o cümlədən “Medalyon” və “Nuxa” restoranlarının sahibi Yusif Baqiyevin həbsindən sonra  heyrətamiz dərəcədə çoxsaylı əmlakları üzə çıxıb.

Məlum olub ki, Yusif Baqiyevin mal-mülkünün ümumi sahəsi az qala Azərbaycanda reallaşdırılan ən böyük layihə “Sea Breeze” çatır. “Sea Breeze” kurort şəhəri Xəzər dənizinin sahilində, Bakının mərkəzindən 30 dəqiqəlik məsafədə yerləşir.

500 hektar sahədə artıq 1,5 milyon kvadratmetrdən çox kommersiya obyekti və mənzillərdən ibarət daşınmaz əmlak satılıb və istifadəyə verilib. Layihəyə qoyulan investisiyalar 7 milyard dollar təşkil edir. Yusif Baqiyevin əmlaklarının bu layihə ilə müqayisə edilməsi maraq doğurur.

Onun həbsi ilə nəticələnən əməliyyatı Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi əməkdaşları həyata keçirib.

Mətbuatda yazılanlara görə Yusif Baqiyev (Şəkili) ölkədə “qumar kralı” kimi tanınır. Ona qarşı ilkin olaraq Cinayət Məcəlləsinin 193-1.3.1 (cinayət yolu ilə əldə edilmiş xeyli miqdarda pul vəsaitlərini leqallaşdırma-mütəşəkkil dəstə halında birləşməklə törədildikdə) və 244-1.4-cü (qumar oyunlarını təşkil etmə və keçirmə-xüsusilə külli miqdarda gəlir əldə etməklə ) maddələri ilə ittiham elan edilib.

Musavat.com-a daxil olan məlumata görə Yusif Baqiyev tutulandan sonra ona məxsus,  Xəzər rayonunda tikilməkdə olan qeyri-yaşayış sahələrində də tikinti işləri dayandırılıb. Ümumiyyətlə isə Yusif Baqiyevin həm də çoxsaylı kommersiya obyektlərinə sahib olduğu deyilir.

Qeyd olunur ki, onun tikinti işlərinə “Vüqar 777” kimi tanınan şəxs rəhbərlik edib. “Vüqar 300” kimi tanınan şəxs isə Yusif Baqiyevin mal-mülkünün sənədləşdirilməsi işlərini həyata keçirib. “Vüqar 300”ün vaxtilə Arxitektura və Şəhərsalma Komitəsində çalışdığı da bildirilir.

Yusif Baqiyevin əmlak siyahısında “Sea Breeze”də 3 min 200 kvadrat metr tikinti sahəsi, Qala qəsəbəsində, keçmiş hərbi zavodun yaxınlığında böyük bir ərazini əhatə edən torpaq sahəsində çoxmərtəbəli yaşayış binası, Mərdəkan qəsəbəsinin girişindəki “Santral” mağazasının yanındakı “Araz” marketin yerləşdiyi 2 mərtəbəli qeyri-yaşayış sahəsi var. Bundan başqa Mərdəkan qəsəbəsi, Sergey Yesenin küçəsindəki “Kontakt” mağazasının yerləşdiyi qeyri-yaşayış sahəsinin, Buzovna qəsəbəsində 4 hektar ərazini əhatə edən torpaq sahəsində inşa olunan mini şəhərciyin, “Gala Shopping Village”də 6 mağazanın, Mərdəkan qəsəbəsində, Makaron fabriki ilə üzbəüz yerləşən keçmiş Şüvəlan Qənnadı fabrikinin balansında olan 2 hektar torpaq ərazisi də Yusif Baqiyevə məxsusdur. Çoxsaylı əmlakların bir çoxunun ilkin qeydiyyat sənədləri ilə sonra verilmiş sənədlərin uyğun gəlmədiyi də gələn məlumatlar sırasındadır. İddia olunur ki, həmin sənədlərdə uyğunsuzluqlar olsa da, Yusif Baqiyev əmlaklara dair sənəd ala bilib. Bunun üçün 1 milyon manata yaxın vəsaitin xərcləndiyi də qeyd edilir. Yusif Baqiyevə elan olunan ittihamlar təsdiqini taparsa, ona 12 ilə kimi azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur. Binəqədi Rayon Məhkəməsinin qərarı ilə Yusif Baqiyev barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib. Məlumat üçün deyək ki, Yusif Baqiyev yerli mediada “qumar kralı” kimi tanınır. Ona qarşı sürülən rəsmi ittihamlar da bu iddianın əsassız olmadığını göstərir.

Yusif Baqiyevin əmlaklarının böyük hissəsi Xəzər rayonu ərazisində yerləşir. Qeyd olunur ki, onun bu rayonda geniş əlaqələri var.

Seçilən
12
4
editor.az

5Mənbələr