“Araz-Naxçıvan” Azərbaycan Premyer Liqasının XXII turunda öz meydanında “Kəpəz”lə qolsuz heç-heçə edib.
Msport.az xəbər verir ki, muxtar respublika təmsilçisinin baş məşqçisi Elmar Baxşıyev oyundan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.
– Ağır oyun alındı. Hər iki komanda mübarizə apardı. Çoxlu epizoda girdik. Sadəcə dəyərləndirə bilmədik. Yolumuza davam edirik. Çalışıb daha da artığını etməliyik ki, qarşıdakı matçlarda istədiyimiz nəticələrə çataq.
– Ramon Maçadonun yoxluğu oyununuza nə dərəcədə təsir etdi? Əyyub Allaş meydana daxil olana qədər sanki hücumda effektivlik görünmürdü…
– Desəm ki, təsir etmir, yalan danışmış olaram. Maçado önəmli oyunçumuz olduğundan hücumlar daha çox onun üzərində qurulur. Optimist olmalıyıq. Hər futbolçu onu layiqincə əvəzləməyə hazırdır. Əyyuba gəldikdə, 2 gündür bizə qoşulub. Ona da vaxt lazımdır.
– Komandada olan futbolçu sayı həm kubokda, həm də Premyer Liqada istənilən məqsədə çatmaq mənasında rotasiyalar etmək üçün əlverişlidir, yoxsa bunun üçün daha geniş heyət lazımdır?
– Hər iki cəbhədə oynamağa çalışacağıq. Futbolçularıma güvənirəm. Bu futbolçularla da istədiyimiz nəticəni əldə edərik.