AZ

Nazirlik rəsmisi: "Heyvanları aşağı çəkidə kəsimə vermək fermerlərin GƏLİRLƏRİNİ AZALDIR"

Son dövrlərdə Azərbaycanda iri və xırdabuynuzlu heyvanların sayında kəskin azalma müşahidə olunur. Bəzi ekspertlər hesab edir ki, heyvanlar çəkiyə dolmamış kəsilir. İnsanlar quzu əti yeməyə üstünlük verir. Bu da heyvanların baş sayının artmasına imkan vermir. İllərlə əhalinin sayının artması və ətə olan tələbatın çoxalması səbəbindən heyvanların artımı müşahidə olunmur.
 
Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsinin müdiri Vüqar Hüseynov mövzu ilə bağlı Oxu.Az-ın sorğusunu cavablandırıb.
Şöbə müdiri bildirib ki, heyvanların aşağı çəkidə kəsilməsi ət istehsalına mənfi təsir göstərir, fermerlərin daha çox gəlir əldə etməsinin qarşısını alır. 
 
O, məsələ ilə bağlı Kənd Təsərrüfatı Nazirliyinə istinadın əsassız olduğunu açıqlayıb: "Heyvanların aşağı çəkidə və erkən kəsimi ilə bağlı bəzi ekspertlərin yanaşmaları əsassızdır və Kənd Təsərrüfatı Nazirliyinin mövqeyi bu məsələdə tam fərqlidir. Mövqeyimiz ondan ibarətdir ki, heyvanların erkən yaşda və aşağı çəkidə kəsilməsi heyvandarlığın inkişafına mənfi təsir göstərən amillərdən biri olsa da, bu sahədəki problemlərin yalnız bir aspektini əks etdirir. Çünki hesab edirik ki, heyvanların aşağı çəkidə kəsilməsi hallarının azaldılması ölkədə xırda və iribuynuzlu heyvanlardan əldə ediləcək ət istehsalının və ət məhsulları ilə özünütəminatın artmasına müsbət təsir göstərə bilər. Bununla da idxaldan asılılıq azala bilər. Həmçinin aparılmış hesablamalar göstərir ki, heyvanları aşağı çəkidə kəsimə vermək fermerlərin gəlirlərini azaldır. İri və ya xırdabuynuzlu heyvanların aşağı çəkidə yox, təsərrüfat yetişkənliyi dövründə kəsilməsi heyvandarlıqla məşğul olan fermerlərə daha çox qazanc gətirməklə yanaşı, ümumi ət istehsalının da artmasına müsbət təsir göstərərdi. Bu yanaşma bütün dünyada mövcuddur". 
 
V.Hüseynovun sözlərinə görə, ölkə üzrə qoyun və keçilərin orta kəsim çəkisində azalma müşahidə edilir: "Rəsmi statistik məlumatlara görə, ölkə üzrə qoyun və keçilərin orta kəsim çəkisi 2023-cü ildə 14 kiloqrama bərabər olub ki, bu göstərici də 2020-2022-ci illərlə müqayisədə heyvan başına 2 kiloqramdan aşağıdır. 2023-cü ildə ölkə üzrə kəsilmiş qoyun və keçilərin orta kəsim çəkisinin 2 kiloqram az olması illik qoyun əti istehsalında 8 min ton civarında itki deməkdir. Bu baxımdan hesab edirik ki, heyvanların kəsim çəkisinin yüksəldilməsi, ölkə üzrə ət məhsulları təminatı məsələsinə də müsbət təsir göstərə bilər".
 
O, aşağı çəkidə heyvan kəsiminin azaldılması istiqamətində maarifləndirmə işlərinin aparıldığını deyib: "Heyvanların aşağı çəkidə kəsiminin azaldılması istiqamətində müvafiq dövlət qurumları kimi Kənd Təsərrüfatı Nazirliyi də davamlı maarifləndirmə işləri aparır. Hesab edirik ki, kəsim çəkisinin yüksəldilməsi məsələsinə bu yanaşma heyvandarlığın inkişafına, ət və ət məhsullarının istehsalının artımına perspektivdə müsbət təsir göstərəcək". 
Seçilən
8
32
moderator.az

10Mənbələr