Demokratik Azərbaycan Naminə Gənclərin İctimai Birliyinin (DANİB) sədri Elməddin Behbud QHT.az-a açıqlamasında gənclərin ictimai fəallığının artırılması üçün sosial və ictimai mühitin genişləndirilməsinin vacibliyini vurğulayıb. O bildirib ki, paytaxt və regionlar arasında ictimai fəallıq baxımından fərqlər mövcuddur və bu fərqlərin aradan qaldırılması üçün daha genişmiqyaslı layihələrə ehtiyac var.
“Elə bir mühit formalaşdırmalıyıq ki, gənclər təşəbbüskar olsun, daim yeni ideyalar axtarışında olsunlar. Bunun üçün ictimai disput mərkəzlərinin, düşüncə platformalarının, təhsil və məşğulluq imkanlarının əlçatanlığı artırılmalıdır. Xüsusilə, regionlarda gənclərin ictimai fəallığının artırılması üçün onların resurslarını artırmaq vacibdir. Dövlət gənclər siyasətini həyata keçirən qurumların bu məsələyə daha fəal yanaşması və gənclərin bugünkü tələblərinə uyğun addımlar atması lazımdır”, – deyə o qeyd edib.
Elməddin Behbud həmçinin vurğulayıb ki, gənclərin sosial və ictimai fəallığını artırmaq üçün onların ehtiyacları araşdırılmalı və bu ehtiyaclar əsasında yeni proqramlar icra olunmalıdır:
“Gənclərin problemlərinin həlli istiqamətində nəqliyyat əlçatanlığı, ictimai xidmətlərə çıxış və müxtəlif inkişaf layihələri önəmli rol oynayır. Bu baxımdan, Gənclər Fondunun həyata keçirdiyi və kəndlərdə gənclərə səyyar xidmətlər təqdim edən layihələr mühüm əhəmiyyət kəsb edir. Bu cür layihələrin sayı artırılmalıdır.”
DANİB sədri əlavə edib ki, gənclərin ictimai fəallığının artırılması üçün onların məşğulluq məsələləri də ön plana çəkilməlidir:
“İşsizlik məsələsinin həlli üçün daha köklü addımlar atılmalı, gənclərin iş tapmaq imkanları genişləndirilməlidir. Eyni zamanda, onlar üçün müxtəlif təlim və maarifləndirici tədbirlər təşkil olunmalıdır. Xüsusilə, gənclərin ideoloji baxımdan maarifləndirilməsi vacibdir ki, milli maraqlar qorunsun və kənar təsirlərin qarşısı alınsın.”
Elməddin Behbudun sözlərinə görə, Azərbaycanın hər bir bölgəsində – Zaqatalada, Qazaxda, Astarada, Sədərəkdə, Xaçmazda və digər regionlarda gənclərin inkişafı üçün vahid dövlət siyasəti çərçivəsində addımlar atılmalı, onların ehtiyaclarına uyğun yeni layihələr icra olunmalıdır.
Pərvanə Fərhadqızı
QHT.az