AZ

“Futboldan küsdüm, “Neftçi”dən getdim, sonra peşman oldum” – İlk dəfə etiraf etdi

“31 yaşımda karyeramı başa vurdum. Rahat 3-4 il oynaya bilərdim”.

Vaxtilə ölkə futbolunun tanınmış simalarından olan Elnur Allahverdiyev Sportinfo.az-a səmimi etiraf edib.

“Neftçi”, “Qarabağ”, “Xəzər Lənkəran”, “Qəbələ” kimi iddialı komandaların şərəfini qoruyan, Azərbaycan millisinin əsas üzvlərindən sayılan keçmiş futbolçu 2014-cü ildə yoxa çıxmasının səbəbini ilk dəfə söyləyib.

Sən demə, Elnur üzləşdiyi soyuq münasibətə görə uzun illər kölgəyə çəkilib:

“Neftçi”də oynadığım dönəm idi. Qırmızı vərəqə aldım və İntizam Komitəsi mənə 6 oyun cəza verdi.

Açığı, klubun mənə görə apellyasiya şikayəti edəcəyini düşünürdüm. Halbuki, şikayət olunsaydı, cəza 3 oyuna qədər azaldıla bilərdi.

Ən azından millinin oyunçusu idim. Lakin heç kim yerindən tərpənmədi.

Onların davranışlarını görəndən sonra futboldan küsdüm, “Neftçi”dən getdim. Sonradan bunu etdiyimə görə çox peşman oldum.

Kaş qalıb davam edərdim, rahat 35 yaşıma qədər oynayardım. Cavan idim, bəlkə də emosiyalarıma sahib ola bilmədim”.

Söhbət 2014-cü ilin noyabrında Lənkəranda baş tutan qalmaqallı “Xəzər Lənkəran” – “Neftçi” oyunundan gedir.

Elnur Allahverdiyev 50-ci dəqiqədə ikinci “sarı”nı alaraq meydandan kənarlaşdırılıb. Oyun bitdikdən sonra isə AFFA, PFL və hakimi təhqir etdiyinə görə İntizam Komitəsi tərəfindən 6 oyunluq cəzalanıb, klubu 5200 manat cərimə olunub.

HƏBİB

Seçilən
9
sportinfo.az

1Mənbələr