AZ

Keniyanın gənclər çempionu Azərbaycanın bu ölkədəki səfirliyində olub

Keniyanın gənclər çempionu, iqlim fəalı, “SMACHS” Fondunun təsisçisi və himayədarı, Keniya Prezidentinin qızı Şarlin Ruto fevralın 10-da Azərbaycanın bu ölkədəki səfirliyini ziyarət edib.

Səfirlikdən AZƏRTAC-a bildiriblər ki, xanım Ruto əvvəlcə Ümummilli Lider Heydər Əliyevin səfirliyin binasında yaradılmış xatirə otağı və dövlətçilik guşəsi ilə tanış olub. Ulu Öndərin xatirəsi ehtiramla yad edilib.

Səfir Sultan Hacıyev tanışlıq zamanı qonağa ölkəmizin dövlətçilik tarixi, müasir Azərbaycanın memarı Heydər Əliyevin həyat və fəaliyyəti, xilaskarlıq missiyası, müstəqillik dövründə respublikamızın qazandığı nailiyyətlər barədə məlumat verib. 2020-ci ildə şanlı Zəfər nəticəsində ərazi bütövlüyünün bərpa olunması, postmünaqişə dövründə ərazilərdə yenidənqurma və humanitar minatəmizləmə üzrə aparılan genişmiqyaslı işləri qeyd edib.

O, Heydər Əliyev Fondunun humanitar fəaliyyəti, çoxsaylı beynəlxalq layihələri barədə də danışıb. Bildirib ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva 2024-cü ilin dekabrında Nayrobi şəhərində səfərdə olarkən Fondun “Afrika ölkələrində təhsil və mədəniyyətin inkişafı” layihəsi çərçivəsində avadanlıqlarla təchiz edilmiş Nayrobi tam orta məktəbinin laboratoriya və kompüter sinfinin açılışını edib. Bundan əlavə, Fond tərəfindən Keniyanın bir neçə xəstəxanasının yeni doğulan uşaqlar bölməsinə tibbi avadanlıqlar təqdim olunub.

Şarlin Ruto COP29-da iştirak üçün ölkəmizə səfərini ən xoş sözlərlə xatırlayaraq bu çərçivədə Azərbaycanın müxtəlif qurum və fəalları ilə sıx əməkdaşlıqdan məmnunluğunu ifadə edib. İki ölkənin QHT-lərinin əlaqələrin genişləndirilməsinin Azərbaycan ilə Keniya arasında dinamik inkişaf edən əməkdaşlıq münasibətlərinə töhfə olduğunu bildirib. Diqqətə çatdırıb ki, cari ildə gənclər və iqlim fəaliyyəti sahəsində ölkəmizlə birgə layihələr həyata keçirmək niyyətindədir.

S.Hacıyev vurğulayıb ki, Azərbaycan 2026-cı ildə BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasına (WUF13) və Ümumdünya Ətraf Mühit Gününə (WED2026) ev sahibliyi edəcək. COP29 çərçivəsində QHT-lər arasında güclənən əməkdaşlığın bu tədbirlər çərçivəsində daha da möhkəmləndirilməsi üçün böyük fürsətlər mövcuddur.

Seçilən
0
1
xalqqazeti.az

2Mənbələr