AZ

Dünyanın ən varlı insanları ömürlərini uzatmaq üçün investisiyalarını artırır

Silikon Vadisində uzunömürlülük sənayesi sürətlə inkişaf edən investisiya sahəsinə çevrilib. Gözlənilir ki, 2025-ci ildə bu sahənin həcmi 578 milyard avroya çatacaq. 

Valyuta.az bu barədə "Bild"ə istinadən xəbər verir.

Onun inkişafında əsas rolu isə ultra-zəngin şəxslər oynayır. İsveçrənin UBS Bankının məlumatına görə, sərvəti 48 milyon avrodan çox olan insanlar ömürlərinə əlavə 10 il qatmaq üçün varidatlarının yarısını xərcləməyə hazırdırlar.

Bu cür şəxslərdən biri, 47 yaşlı sahibkar və biohaker Brayan Consondur. O, hər gün 50-dən çox həb qəbul edir, gənc oğlunun qan plazmasını özünə yeridir, ürək ritmini və beyin fəaliyyətini daim izləyir, həmçinin qocalma ilə mübarizə aparmaq üçün 30 mütəxəssisdən ibarət bir qrup saxlayır. Bütün bunlar ona ildə 1,9 milyon avroya başa gəlir.

"Amazon"un qurucusu Ceff Bezos biotexnologiya şirkəti "Altos Labs"a 2,9 milyard avro sərmayə yatırıb. Startapın məqsədi orqanizmin hüceyrələrini yenidən proqramlaşdıraraq qocalma prosesini dayandırmaq, hətta geri çevirməkdir. 

"PayPal"ın həmtəsisçisi Piter Til qocalma araşdırmaları aparan "Methuselah" fonduna 6,5 milyon avro investisiya edib. "OpenAI" rəhbəri Sem Altman isə oxşar məqsədləri olan "Retro Biosciences" layihəsinə sərmayə qoyur. Bildirilir ki, o, Davosda keçirilən Dünya İqtisadi Forumunda bu sahəyə yeni investorlar cəlb etməyə çalışıb.

"Longevity Investors" təşkilatının həmtəsisçisi Mark Bernegger isə milyarderləri, alimləri və sahibkarları bir araya gətirərək uzunömürlülük sənayesinin inkişafına təkan verməyə çalışır. 

"Mən nə qədər xoşbəxt və sağlam olsam, o qədər də yaşamaq istəyirəm. Elmi baxımdan 90-120 il ömür tamamilə realdır", deyə Mark Bernegger bildirib.

"Bu cür investisiyaların gələcəkdə bütün insanların həyatına təsir edib-etməyəcəyi isə zaman və maliyyə məsələsidir", deyə "Bild" yazıb.

Paşa Məmmədli

Seçilən
19
valyuta.az

1Mənbələr