AZ

Bakıda Dayanıqlı İnkişaf və İqlim Dəyişikliyi üzrə Beynəlxalq Skaut Simpoziumu keçirildi

4-6 yanvar 2025-ci il tarixlərində Bakı Dayanıqlı İnkişaf və İqlim Dəyişikliyi üzrə Beynəlxalq Skaut Simpoziumuna ev sahibliyi etmişdir. Azərbaycan Skautlar Assosiasiyası (ASA) tərəfindən təşkil olunan bu tədbir Azərbaycan Gənclər Fondunun maliyyə dəstəyi və Azərbaycan Respublikasının Gənclər Təşkilatları Milli Şurasının (NAYORA) tərəfdaşlığı ilə həyata keçirilmişdir. Simpozium Azərbaycan, Türkiyə, Gürcüstan, Qazaxıstan və Macarıstandan olan skaut və gənc liderləri bir araya gətirmişdir.

Sitat.info xəbər verir ki, tədbirin açılışı Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlamış, daha sonra ölkənin ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərin, Ümummilli Lider Heydər Əliyevin və Aktau təyyarə qəzasında həlak olmuş ekipaj üzvləri və sərnişinlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. ASA-nın sədri İlyas İsmayıllı açılış nitqi ilə çıxış edərək, ASA-nın dayanıqlı inkişaf və iqlim dəyişikliyi sahəsindəki təşəbbüslərini vurğulamış və iştirakçılara uğurlar arzulamışdır.

 

Simpoziumun əsas məqsədi gənc liderlərin və skautların dayanıqlı inkişaf məqsədlərinə töhfə verə biləcək bilik və bacarıqlarla təmin edilməsi, həmçinin iqlim dəyişikliyinə qarşı mübarizə sahəsində maarifləndirmənin artırılması olmuşdur. Tədbir gəncləri ətraf mühit liderləri kimi yetişdirmək və onların ekoloji problemlərin həllində daha fəal iştirakını təmin etmək məqsədini güdmüşdür.

 

Tədbir çərçivəsində müxtəlif mövzularda sessiyalar və panel müzakirələri keçirilmişdir. Təbriz Həsənov "Skautların Dayanıqlı İnkişaf Məqsədlərinin (DİM) irəliləməsində rolu" mövzusunda müzakirələr aparmış, ASA-nın Milli Təlim Müvəkkili Joanna İsmayıllı "DSHT Proqramlarının DİM-ə uyğunlaşdırılmış skaut fəaliyyətləri ilə əlaqələndirilməsi" mövzusunda təlim keçmişdir. Milli Komitə üzvü Zamin Məmmədov isə Azərbaycanın "Earth Tribe" proqramının uğurları haqqında geniş təqdimat etmişdir.

 

Tədbirin ikinci günü Leyla Tağızadənin apardığı "Ekoloji stress üçün adaptiv strategiyalar" sessiyası ilə yadda qalmışdır. Saadət Ağayevanın "Daha Yaşıl Sabah üçün Gənclərin Səfərbər Edilməsi" mövzusunda təqdimatı və "Gənclər iqlim liderləri kimi: Ətraf mühit müdafiəçilərinin növbəti nəslinin gücləndirilməsi" adlı panel müzakirəsi də böyük maraqla qarşılanmışdır. Panel müzakirəsinə ASA-nın Beynəlxalq Komissarı Kamil Fətəliyev moderatorluq etmişdir.

 

Son gün Oruc Bayramov "Baku Breakthrough: Skautlar İqlim Fəaliyyətinin Təşviqçiləri kimi" mövzusunda təqdimat etmişdir. O, beynəlxalq platformalarda skautların iqlim məsələlərindəki əhəmiyyətini vurğulamış və COP28 və COP29 kimi tədbirlərdə Azərbaycanın təcrübələrini bölüşmüşdür.

 

Simpoziumun yekun sessiyasında iştirakçılar davamlı inkişaf və iqlim fəaliyyəti naminə həyata keçirilə biləcək davamlılıq tədbirlərini dizayn etmişdir. Bu sessiya, Milli Gənclər Proqramı üzrə müvəkkil Elnur Arifzadə tərəfindən təqdim olunmuşdur. Bundan başqa, "Leveraging Youth Councils for Climate Action and SDGs Advocacy" mövzusunda təqdimatla çıxış edən Güldanə Dadaşova, Azərbaycan Respublikasının Gənclər Təşkilatları Milli Şurasının (NAYORA) sədr müavini kimi gənclərin iqlim fəaliyyəti və dayanıqlı inkişaf məqsədlərinin təşviqindəki rolunu vurğulamışdır.

 

Simpozium gənclərin təşəbbüsləri ilə daha yaşıl və dayanıqlı gələcəyin qurulmasında oynadığı rolu bir daha təsdiq etmişdir. Tədbir çərçivəsində keçirilən sessiyalar qlobal ekoloji problemlərin həllində beynəlxalq tərəfdaşlığın əhəmiyyətini nümayiş etdirmişdir. Üçgünlük tədbir iştirakçıların birgə şəkil çəkdirməsi ilə başa çatmışdır. Bu şəkil həmrəylik və dayanıqlı inkişaf məqsədlərinə olan ortaq bağlılığı simvolizə etmişdir.

Seçilən
18
sitat.info

1Mənbələr