AZ

Azərbaycanın Milli Qəhrəmanı Qorxmaz Eyvazovun anım günüdür

Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının hərbçisi olan Qorxmaz Eyvazov 1 aprel 1967-ci ildə Laçın rayonunun Güləbird kəndində anadan olub.

QHT.az xəbər verir ki, o, 1985-1987-ci illərdə Ukraynada hərbi xidmətdə olub. Hərbi xidmət zamanı 6 aylıq serjant kursunu bitirib və xidmət müddətində dəfələrlə fəxri fərmanlar və tərifnamələrlə təltif olunub. O, 1988-ci ildə Laçında yaradılmış özünümüdafiə dəstəsinə qoşulub. 1991-ci ildə Laçın rayon polis şöbəsinə qəbul edilib. Qorxmaz Eyvazovun döyüş yolu öz doğma yurdundan Güləbird, Qazıdərəsi, Suarası, Mazutlu kəndlərindən başlayıb. Qızartı dağı uğrunda gedən döyüşlərdə onun xüsusi fəallığı nəticəsində düşmənin bir tankı ələ keçirilib. 4 avqust 1992-ci ildə erməni işğalçılarının Qızartı dağını ələ keçirmək üçün növbəti hücumu zamanı Qorxmaz qolundan güllə yarası alıb. O, qolunun fəaliyyətinin itirilməsinə baxmayaraq bir neçə ay çəkən müalicədən sonra yenidən döyüşlərə qatılıb. Füzuli rayonu ərazisində gedən döyüşlərdə Qorxmaz böyük şücaət göstərib. Horadiz əməliyyatı zamanı göstərdiyi igidliyə görə rota komandiri təyin edilib və Daxili İşlər Nazirliyi tərəfindən mükafatlandırılıb. Qorxmaz Eyvazov 10 fevral 1994-cü il tarixində Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi istiqamətində düşmən hücumunun qarşısının alınması zamanı qəhrəmancasına şəhid olub.

Azərbaycan Respublikası Prezidentinin 15 yanvar 1995-ci il tarixli 262 saylı Fərmanı ilə Qorxmaz Abış oğlu Eyvazov "Azərbaycanın Milli Qəhrəmanı" fəxri adına layiq görülüb.

Ruhu şad olsun!

Seçilən
16
qht.az

1Mənbələr