AZ

"Rusiya keçmiş sovet respublikaları üzərində nəzarəti itirə biləcəyindən ehtiyat edir" - "Financial Times"

"Rusiya hakimiyyəti "makroregion" yaratmağı planlaşdırır..."
 
Kreml keçmiş sovet respublikalarını öz təsir dairəsində saxlamaq üçün geniş və uzunmüddətli bir layihəni həyata keçirmək niyyətindədir.
 
Moderator.az xəbər verir ki, bu barədə "Financial Times" nəşri yazıb.
 
Nəşr qeyd edir ki, Rusiya hökumətinin hələ 2024-cü ilin aprelində təqdim olunan daxili hesabatı göstərir ki, Rusiyanın Ukraynaya qarşı apardığı müharibə onun ən yaxın müttəfiqləri ilə əlaqələrinə ciddi zərər vurub.
 
Nəşrin yazdığına görə, sənəddə Qərbin sanksiya təzyiqinin Kremlin yaxın ticarət tərəfdaşları ilə arasına bir uçurum saldığı etiraf olunur. Hesabatda qeyd edilir ki, Moskvanın ambisiyası, Rusiyanı dünya ticarətinin mərkəzinə yerləşdirərək, ABŞ, Avropa İttifaqı və Çinin iqtisadi təsir dairələri ilə rəqabət aparacaq bir Avrasiya ticarət bloku yaratmaqdır.
 
Rusiya hakimiyyəti "makroregion" yaratmağı uzunmüddətli və mühüm bir layihə kimi görür. Hesabatda bildirilir ki, bu layihə Ukraynanın gələcəyi ilə bağlı Qərblə aparılan istənilən danışıqlardan daha uzunömürlü olacaq və Rusiyanın "qlobal arenadakı" mövqeyini möhkəmləndirməyə kömək edəcək.
 
"Sözügedən yeni blok, Rusiyanı qlobal cənubla birləşdirəcək, hər iki tərəfə xammal əldə etmək imkanı verəcək, maliyyə və nəqliyyat əlaqələrini inkişaf etdirəcək və onları ümumi bir "dünyagörüşü" ətrafında birləşdirəcək, burada biz yeni dünya üçün qaydaları yazırıq və öz sanksiya siyasətimizi formalaşdırırıq", - hesabatda vurğulanır.
 
Bununla yanaşı, sənəddə Qərb ölkələrinin Orta Asiya dövlətlərini "qamçı və kökə" metodu ilə sanksiyalara riayət etməyə məcbur etdiyi bildirilir. Eyni zamanda, Rusiyanın müttəfiqləri bu sanksiyalardan faydalanaraq Rusiya biznesini öz yurisdiksiyalarından sıxışdırıb çıxarır.
 
Hesabatda etiraf olunur ki, Rusiya Orta Asiya ölkələrini öz təsir dairəsində saxlamaq üçün "uzun oyun" oynamağa məcbur olacaq. Həmçinin sənəddə qeyd edilir ki, Rusiyanın Ukrayna ilə müharibədə qələbəsi belə Qərbin sanksiya təzyiqini dayandırmaq üçün kifayət etməyəcək. "Rusiya ilə sıx əlaqələr çətinlik mənbəyi olacaq", - hesabatda bildirilir.
 
Bu kontekstdə sənəddə vurğulanır ki, ölkələr Rusiyaya münasibətdə öz mövqelərini müəyyən etməli olacaq. Regionun ən böyük iqtisadiyyatına malik olan Qazaxıstan Rusiyanın Ukraynaya qarşı müharibəsini pisləyib, Ukraynanın ilhaq edilmiş ərazilərini tanımaqdan imtina edib və Qərb sanksiyalarına riayət etdiyini nümayiş etdirməyə çalışıb. 
 
Bunun əksinə olaraq, qonşu Qırğızıstan qəti şəkildə Rusiyanın yanında yer alıb və Qərb sanksiyalarından yayınmaq üçün mühüm tranzit nöqtəsinə çevrilib. Hesabatda Belarus Rusiyanın inteqrasiya strategiyasının ən uğurlu nümunəsi kimi göstərilir.
 
Rusiya əleyhinə sanksiyalar
 
Hazırda Ukraynaya qarşı müharibə səbəbindən Rusiyanın iqtisadiyyatı ağır vəziyyətdədir. Putin getdikcə daha çox iqtisadi problemlərdən narahat olur, rusiyalı biznes dairələri isə müharibənin danışıqlar yolu ilə həll olunmasının vacibliyini vurğulayır.
 
Fevralın 5-də Finlandiya xarici işlər naziri Elina Valtonen bildirib ki, Rusiyanın iqtisadiyyatı çökmək üzrədir. O, Qərbi sanksiyaları daha da sərtləşdirməyə çağırıb ki, bu da Ukraynanın ən əlverişli şərtlərlə sülh sazişi bağlamasına imkan versin.
Seçilən
19
moderator.az

1Mənbələr