“Ölkə çempionatında oynamaq çox xoş oldu”.
AZƏRTAC xəbər verir ki, bu sözləri şahmat üzrə Azərbaycan çempionatının ¼ finalında mübarizəni dayandıran Vüqar Əsədli federasiyanın mətbuat xidmətinə açıqlamasında deyib.
O, çempionatındakı çıxışını qənaətbəxş hesab edib: “İlk mərhələdə Kənan Qarayevi məğlub etdim. 1/8 finalda Eltac Səfərli ilə tay-brekdə gərgin mübarizədə uğur qazanaraq mərhələ adladım. Eltacla partiyalar çox çətin oldu. ¼ finalda Teymur Rəcəbovla oyunları bəyəndim. Rəcəbovla tay-brekdə ilk oyunda riskli variant seçdim və pis vəziyyət aldım. Tay-brekin ikinci partiyasında uduşa oynamağıma baxmayaraq hesablamada dəqiq olmadım. Ümumiyyətlə isə oyunumu normal dəyərləndirirəm”.
Vüqar Əsədli ¼ finalda Teymur Rəcəbova rəqib olmağının çətinliyindən danışıb: “İlk dəfə klassik şahmatda Rəcəbova qarşı oynadım. Teymur çox möhkəm şahmatçıdır. Oyun üslubumuz fərqlidir. Ölkə çempionatında bütün şahmatçılar güclüdür, zəif iştirakçı yox idi. Sadəcə başqa rəqiblə qarşılaşsaydım, nəticə fərqli ola bilərdi. Belə şahmatçı ilə mübarizə aparmaq mənim üçün təcrübədir. Bəzi şeyləri Teymurdan öyrəndim”.
Şahmatçı ölkə çempionatının təşkilatçılığının yüksək səviyyədə olduğunu da bildirib: “Dünya şahmat elitasında təmsil olunan iki şahmatçının çempionatda oynaması ciddi rəqabətdən xəbər verir. İştirakçı kimi şahmatçılara yaradılan şəraitdən razı qaldım. Belə yarışda oynamaq çox xoş oldu”.
Sonda Vüqar Əsədli Rumıniyada təşkil olunacaq Avropa çempionatında iştirak etməyi planlaşdırdığını söyləyib.