AZ

Buzovna sakini dələduzluqla üzləşdiyini iddia edir

DİN rəhbərinə və Baş prokurora müraciət edən Qızqayıt Dadaşova külli mqidarda vəsaitinin mənimsənildiyini bildirir

Bakı şəhəri, Buzovna qəsəbəsi, Qədimgah küçəsi, ev 38 ünvanından yaşayan Dadaşova Qızqayıt Mahmudağa qızı tərəfindən “Hürriyyət”in redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi saytımız vasitəsilə Daxili İşlər naziri Vilayət Eyvazova və Baş prokuror Kamran Əliyevə müraciət edir:

“Hörmətli Vilayət Eyvazov!

Hörmətli Kamran Əliyev!

Mən, Dadaşova Qızqayıt Mahmudağa qızı, əvvəla bildirim ki, dələduzlar tərəfindən aldadılmışam. Bankdan pul götürmək adı ilə bizdən etibarnamə alaraq, evimi öz dəstələrindən olan bir nəfərə satıblar. Artıq 4 ilə yaxındır ki, məhkəmələrdə sürünürük. İndiyə kimi bir çox vəkilə müraciət etmişik, lakin vəkillərimizlə uğurlu nəticə əldə edə bilməmişik. Sonuncu dəfə vəkil kimi Böyükağa Abdullayevi tanıdıq. O, özünü Məhkumların Müdafiəsi İctimai Birliyinin sədri kimi təqdim etdi. Sənədlərlə tanış olduqdan sonra bildirdi ki, “sizin evinizi Apellyasiya Məhkəməsinin sədri Mübariz Əkbərov yıxıb”. Həmçinin, qeyd etdi ki, “sizə kömək edəcəm, arxanızda durmuşam, hər yerdə adamlarım var, siz sadəcə pul toplayın, bu iş pulsuz alınmayacaq. Belə başa düşürəm ki, Mübariz Əkbərov  qarşı tərəflə əlbirdir, onlardan yaxşı rüşvət götürüb, məhz bu səbəbdən də məhkəmədən sizə bildiriş və sms göndərilməyib”.

Daha sonra əlavə etdi ki, mən dediklərimin hamısını etsəniz, məhkəməni udacağıq. Hətta onu da dedi ki, “mətbuatla da aram yaxşıdır, Mübariz Əkbərovu mətbuatda da biabır edəcəm, elə edəcəyəm ki, insan arasına çıxa bilməsin. Şəhid ailəsinə qarşı kim bu haqsızlığı etsə, mütləq cəzalandırılmalıdır”. Yəni Böyükağa müəllim şəhid ailəsi olmağımızı dilə gətirsək, daha çox uğur qazanacağımızı bildirdi. Şəhidimizin şəkillərini böyütdürüb bizə verdi ki, şəkilə ip keçirib boğazınızdan asın. Daha sonra Apellyasiya Məhkəsinə getməyimizi və orada bizə öyrətdiyi sözləri deməyimizi istədi. Özü isə qaçıb bir kənarda durdu.

Əvvəlcədən demişdi ki, bir neçə jurnalistə də pul verib, çağırmışam, dediklərimi orada deyin. Onu da bildirdi ki, “mənə zəng vurmayın, telefonum izlənilir. Sizi sədrin qəbuluna buraxmayacaqlar, bizə də o lazımdır. Qarşı tərəf naxçıvanlı olduğu üçün onların sözünü deyəcək”.

18.09.2024-cu il tarixində vəkillə yenidən zəngləşdik. Bu dəfə də bizə məhkəmənin qabağına gəlməyimizi bildirdi. Məhkəmənin aşağı tərəfində görüşdük. Bizə çəkiliş zamanı deyəcəyimiz sözləri əzbərlətdi. Sözlər bunlar idi – “rüşvətxor”, “korrupsioner” və s.

Həmin vaxtı evimiz əlimizdən alındığı üçün ayıq başla heç nəyi fikirləşə bilmirdik. Mən özüm oxumamış qadınam, “evimi alıb qaytaracaq” sevinci ilə Böyükağa deyilən yalançı vəkilə inanmışam. O, video-çəkiliş zamanı məni o qədər inandırmişdi ki, evimi əlimdən alandan çox, Mübariz Əkbərovu özümüzə düşmən bilmişdik. Hər dəfə çəkilişlərdən sonra bildirirdi ki, sevinin, bu dəfə kupçanı alacağıq. Sən demə, bu adamın hədəfi başqa imiş. Biz hardan bilərdik ki, onun Mübariz Əkbərovla qəsdi-qərəzi var?! Mətbuatda “Mübariz Əkbərov şəhid ailəsini həbs etdirdi” başlığı altında yazılar dərc etdirdi. Savadsızlığımızdan istifadə etdi. O qədər avam qadın olmuşam ki, nə desə inanırdım.

Növbəti gün prokurorluğa şikayətə getməyimi istədi. Həmin gün yenə jurnalistlər orada məni əhatəyə aldı. Həmin anda bildirdi ki, “qorxma, təhqir et, arxandayam”. Prokurorluqda bizi yüksək səviyyədə qəbul edib, dinlədilər. Gördüyüm münasibətdən sonra jurnalistlərə nə deyəcəyim məni düşündürürdü. Burada pis münasibət görmədim, amma vəkil mənə dedi ki, “söy, təhqir et”.

Əvvəlki təhqir videolarından sonra yoldaşımı həbs etmişdilər. Binadan çıxar-çıxmaz “Kanal 13” və “Toplum TV”-nin müxbirləri bizi qarşıladı. Bu zaman gördüyüm xoş münasibətə əsasən dedim ki, “Prezidentə və Kamran Əliyevə qurban olum”. Həmin vaxt müxbirlər mənə “sizə bu da azdır”,- deyə ağız-göz əydilər. Böyükağa isə məni döyməkdən və söyməkdən betər etdi, ölümə, dirimə söydü. Sual verdim ki, ay müəllim, axı orda mənə kömək edəcəklərini bildirdilər, qovmadılar, təhqir etmədilər, onları necə söyüm?! Mənə “Allah bəlanızı yaxşı verib”, - deyə söyləndi. “Sən bütün zəhmətimi yerə vurdun”, - dedi. Bu söz-söhbətdən sonra artıq içimizdə ona qarşı şübhə yarandı.

Daha sonra o, evə Toğrul adlı bir adam gətirərək bildirdi ki, “Banditizm”də işləyib, gətirdim ki, evinizə baxış keçirsin. Evin 2 otağını da boşaltmağımızı bildirdi. İçimdəki şübhələr böyüməyə başladı və dərhal Məhkəmə Hüquq Şurasına müraciət edərək, onun tərəfindən göndərilən şikayət ərizələrinin geri qaytarılmasını xahiş etdim. Məhkəmə Hüquq Şurası çox sağ olsun, dərhal ərizələri geri qaytardı.

Hörmətli Vilayət Eyvazov!

Hörmətli Kamran Əliyev!

Qeyd edim ki, Böyükağa Abdullayev adlı müəmmalı vəkil bizdən 4 min 150 manat və 1000 min manat pul almışdır. O, bizim bədbəxtçiliyimiz üzərində Mübariz Əkbərovu hədəf seçdi. Bu səbəblə, kimlərinsə sifarişini yerinə yetirmiş oldu. Təəssüflə qeyd edirəm ki, biz də bu məsələdə ona az da olsa, kömək etmiş olduq. Xahiş edirəm ki, bu adam haqqında araşdırma aparılsın.

Sonradan əldə etdiyimiz məlumata əsasən, özünü vəkil kimi təqdim edən şəxs dələduzluq etməklə bağlı həbsdə yatmışdır. Borc-xərc tapıb Böyükağa müəllimə verdiyim cəmi 5 min 150 manat pullumu mənimsəmişdir. Buna dair əlimdə sübutlarım var. Ona göndərdiyim pulların heç birini onun adına olan karta göndərməmişəm. Mənə başqa adamların kartlarını göndərmişdir. Hazırda axtarışda olan şəxs məni və ailəmi hədələyir. Sizlərdən xahiş edirəm ki, bizim təhlükəsizliyimizi təmin edəsiniz.

Hörmətli cənablar!

Mən başıma gələnləri hərtərəfli olmasa da, qısaca qeyd etdim. Savadsızlığım nəticəsində etdiyim hər şey üçün sizlərdən üzr istəyirəm”.

Jalə FAMİLQIZI

Redaksiyadan: Yazıda adları qeyd olunan şəxslərin mövqeyini dərc etməyə hazırıq.

Seçilən
0
1
hurriyyet.az

2Mənbələr