…Şimali Koreya ordusu və xalqı Pxenyan və Moskva arasında strateji tərəfdaşlıq ruhunu rəhbər tutaraq, Rusiyanın suverenliyini, təhlükəsizliyini və ərazi bütövlüyünü müdafiə etmək istiqamətindəki hərəkətlərini ardıcıl olaraq dəstəkləyib.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə Şimali Koreya lideri Kim Çen In ölkənin Müdafiə Nazirliyinə səfəri zamanı bildirib.
Kim həmçinin ABŞ, Yaponiya və Cənubi Koreya arasında üçtərəfli hərbi əməkdaşlığı şərh edərək, ölkələri regionda gərginliyi artırmaqda ittiham edib.
O vurğulayıb ki, Pxenyan eskalasiyaya can atmır, lakin hərbi balansı qorumaq üçün lazımi tədbirlər görəcək.
Qeyd edək ki, bundan əvvəl Yaponiyanın NHK telekanalı Şimali Koreyanın 2025-ci ildə Rusiyanın yardımı ilə pilotsuz təyyarələrin kütləvi istehsalına başlayacağını bildirmişdi. Mənbələrin bildirdiyinə görə, razılaşma Şimali Koreya qoşunlarının Ukraynaya qarşı Rusiya tərəfində hərbi əməliyyatlarda iştirak etmək üçün göndərilməsi müqabilində əldə oluna bilər.
Bununla yanaşı, telekanalın mənbələri iddia edir ki, Moskva Şimali Koreyaya nüvə silahı yaratmaqda kömək etmək niyyətində deyil.
Keçən ay Cənubi Koreya Şimali Koreyanın Rusiyaya artıq döyüşmək üçün yerləşdirilən 11,000 əsgərdən əlavə, daha çox əsgər göndərməyə hazırlaşdığından şübhələndiyini söyləmişdi.
Bazar günü dərc edilən ayrıca şərhdə Şimali Koreyanın Mərkəzi Xəbər Agentliyi Cənubi Koreyanın ABŞ-la birgə hərbi fəaliyyətini yenidən tənqid edib.
Nəşr bildirir ki, aqressiv hərəkətlər arzuolunmaz nəticələrə gətirib çıxaracaq.
Əli Babayev