AZ

Rusiyada alimlərin sayı tarixi minimuma düşüb - Statistika

Rusiyada elm sahəsi büdcə maliyyələşməsinin azalması və istedadlı alimlərin kütləvi şəkildə xaricə köçməsi fonunda kadr potensialını itirməyə davam edir.  

Ölkə.az Qaynarinfo-ya istinadən xəbər verir ki, 2024-cü ilin əvvəlinə olan məlumata görə, Rusiyada cəmi 338,9 min tədqiqatçı qalıb. Bu rəqəmi Milli Tədqiqat Universiteti Ali İqtisad Məktəbinin (AİM) Statistika Tədqiqatları və Bilik İqtisadiyyatı İnstitutu tərəfindən hazırlanan "Elm göstəriciləri" statistik məcmuəsi təqdim edib. Müharibədən əvvəlki 2021-ci illə müqayisədə Rusiyanın elmi institutlarında və ali məktəblərində çalışan alimlərin sayı daha 1,8 min nəfər, 2020-ci illə müqayisədə isə 7,6 min nəfər azalıb. 2015-ci illə müqayisədə isə tədqiqatçıların sayı 40,5 min nəfər və ya 11% azalıb.  

SSRİ dağıldıqdan sonra Rusiya təxminən 1 milyon tədqiqatçı ilə dünyada elmi kadrların sayına görə birinci yerdə olub. 1995-ci ildə alimlərin sayı 518,7 min nəfərə, 2000-ci ildə 426 min nəfərə, on il sonra isə 368,9 min nəfərə düşüb. 2010-cu illərin əvvəlində neftin 100 dollardan baha olması və elmin maliyyələşdirilməsinin artması fonunda tədqiqatçıların sayı bir qədər artaraq 379 min nəfərə çatdı. Lakin Ukraynaya müdaxilədən sonra göstərici müasir Rusiya tarixində ən aşağı səviyyəyə enib.  

Eyni zamanda, iqtisadiyyatda hər 10 min nəfərə düşən tədqiqatçıların sayı da tarixi minimuma çatıb. Hazırda bu rəqəm 92 nəfər təşkil edir ki, bu da 2020-ci ildəki 98 nəfər, 2010-cu ildəki 103 nəfər və 1995-ci ildəki 160 nəfərlə müqayisədə əhəmiyyətli dərəcədə aşağıdır.  

Rusiyada ixtiraların sayı da azalır. 2010-2023-cü illərdə ölkədə patent müraciətlərinin sayı 38% azalaraq ildə 42,5 mindən 26,7 minə düşüb.  

Alimlərin azalması dövlətin elmi tədqiqatlara ayırdığı vəsaitin kəsilməsi ilə paralel baş verir. AİM-in hesablamalarına görə, inflyasiya nəzərə alınmaqla, 2015-ci illə müqayisədə vətəndaş elmi üçün dövlət xərcləri real ifadədə 14% azalıb.  

Bundan əlavə, Ukrayna ilə müharibə Rusiyadan alimlərin kütləvi köçünü sürətləndirib. "Novaya qazeta. Yevropa"nın hesablamalarına görə, ölkəni ən azı 2,5 min alim tərk edib ki, onlardan 800-dən çoxu dünyanın aparıcı elmi jurnallarında nəşr olunan tanınmış tədqiqatçılardır. Ən böyük kadr itkisi Moskva universitetlərində baş verib: AİM, MDU, Skolkovo və MFTİ-dən gedən alimlər ümumi sayın 23%-ni təşkil edib.  

Sankt-Peterburq Avropa Universitetində etnik tədqiqatlar proqramının yaradıcısı Dmitri Dubrovskinin qiymətləndirməsinə görə, ölkəni tərk edən tədqiqatçıların sayı daha yüksək – 7-8 min nəfər civarındadır.  

"Bir çox alimlər siyasi mövqelərinə və ya xarici həmkarları ilə əvvəlki əməkdaşlıqlarına görə təzyiqlərə məruz qalıblar", – deyə Dubrovskı bildirir. Onun sözlərinə görə, əsasən açıq ictimai mövqeyi olan, beynəlxalq əlaqələrə malik olan mütəxəssislər ölkəni tərk edirlər. "Onlar öz bilik və təcrübələrinin dəyərləndiriləcəyi yerlərə gedirlər", – deyə o, Deutsche Welle-yə açıqlamasında bildirib.

Seçilən
16
4
olke.az

5Mənbələr