AZ

Trampın SÜLH FORMULU - Ukraynada müharibə bu ssenari ilə BAŞA ÇATACAQ

ABŞ Prezidenti Donald Tramp və Rusiya lideri Vladimir Putin arasında telefon danışığı olub. ABŞ lideri bunu “New York Post”a müsahibəsində deyib. Tramp bildirib ki, danışıq zamanı Ukraynadakı vəziyyəti və onun həlli yollarını müzakirə ediblər.

O, Putinlə söhbətinin digər təfərrüatlarını isə açıqlamayıb.Bununla belə, Tramp qeyd edib ki, Rusiya Prezidenti döyüş meydanında əsgərlərin həlak olmasından narahatdır.

Tramp Rusiya-Ukrayna münaqişəsinə son qoymaq üçün konkret planın olduğunu da vurğulayıb və onun sürətlə həyata keçiriləcəyinə ümid etdiyini deyib:

“Ukraynada dəhşətli müharibə gedir. Mən bu iblisliyə son qoymaq istəyirəm”.

Ukraynada müharibə görəsən, hansı ssenari üzrə başa çatacaq?

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında politoloq Abutalıb Səmədov bildirib ki, Ukrayna məsələsində Tramp dəfələrlə dediyi kimi, qısa müddətdə sülh sazişinə nail olmaq istəyirsə, mütləq Kiyevə təzyiq göstərməlidir:

“Çalışmalıdır ki, o Rusiyanın tələblərini qəbul etsin. Yəni qısa müddətdə yalnız Ukraynanı nəyəsə məcbur etdirmək olar. Amma Tramp elan etdiyi kimi, ədalətli sülhə nail olmaq istəyirsə, bunun üçün vaxt lazımdır.

Vaxt məhdudiyyəti qoyulsa, qısa müddətdə nəticəyə nail olmağa çalışırsa, təbii ki, bu halda Moskvanı nəyəsə məcbur etmək çətin olacaq. Rusiyaya qarşı sanksiyalar şiddətləndirilməli, Ukraynaya yardımlar artırılmalı və Moskva nisbətən ədalətli sülhə məcbur edilməlidir. Bu isə daha çox zaman tələb edir. Ən azı il yarım, iki il proses davam etməlidir ki, Moskvanı nəyəsə məcbur edə biləsən”.

Ekspert qeyd edir ki, Trampın hansı yolu seçəcəyini yaxın zamanlarda görəcəyik:

“Güman ki, qısa  müddətdə sülhə nail olmaq üçün Kiyevə Rusiyanın şərtlərinin əksəriyyətini qəbul etdirməyə çalışacaq. Habelə müəyyən məsələlərdə Putini güzəştə getmək üçün dilə tutacaq. Belə olarsa, ilin sonuna kimi sülhə nail olmaq mümkün olacaq. Ancaq bu həm Ukrayna, həm də dünyanın, o cümlədən Rusiya ətrafındakı dövlətlərin ziyanına olacaq”.  

Rüfət Sultan, Bizim.Media

Seçilən
4
bizim.media

1Mənbələr