AZ

“Neftçi”nin psixoloji dirçəlişi

“Neftçi” tərpənir. “Ağ-qaralar” biri kubok oyunu olmaqla ardıcıl üç matçdır qalib gəlir. Əlbəttə, bu göstəricini “Neftçi” adına uğur kimi təqdim etmək doğru olmaz. Ancaq mövcud situasiyada müsbət hərəkətlilik gözdən qaçmır və davamı gəlməlidir.

“Şamaxı” matçındakı ağır qələbənin ardından əsas hədəf olan kubok görüşündə “Kəpəz” qalibiyyəti və çətin “Zirə” səfərindən qazanılan üç xal “flaqman”a cari mövsümün ən yaxşı günlərini yaşadır. İllərdi gözləri mazol edən “Neftçi” qayıdır?” müzakirəsi yenidən alovlandırsa da, tələsmək olmaz. Çünki turnir cədvəli hələ də məyusluq tablosudu və çox şeydən xəbər verir. Ancaq qığılcımları qətiyyən gözardı etməməliyik. Tarix kiçik qığılcımlardan nə atəşlər, nə odlar görüb.

Son oyunlarda “Neftçi” adına ən çox sevinirdən məqam komandanın mübariz ruhunun qayıtmasıdır. Sanki forma yavaş-yavaş futbolçuları ayıldır. Bu, indiyə qədər komandada ən ciddi qüsur idi. Psixoloji çöküş illərdi uğursuzluğun səbəblərindən biridi.

Samir Abasov faktoru da özünü göstərməyə başlayıb. “Neftçi”nin mövsümün hədəfi olan kubokun ilk görüşündə sərfəli nəticə qazanması, çətin “Zirə” görüşündə son dəqiqələrdə qol buraxıb dərhal reaksiya verməsi əsl böyük komanda refleksidi. Ardıcıl qələbələrin verdiyi motivasiyanı heç bir məşq, taktika əvəzləyə bilməz. Müsbət gedişatda ölü ruhun atılması və daxili ab-havanın sahmana salınması vacib amildi. Abasov yavaş-yavaş bunu alındırır. Hər açıqlamasında zamana ehtiyacı olduğunu artıq sözlə yox, meydanda göstərir.

“Neftçi”də daha bir müsbət məqam oyunçularla – daha dəqiq desək, yerli futbolçularla bağlıdı. Emin Mahmudovun son oyunlardakı performansı təqdirəlayiqdi. Hiss olunur ki, sabiq kapitan və ya daimi lider “Neftçi”yə “qayıdıb”. Eminlə yanaşı, azarkeşlərin davamlı tənqid atəşinə tutduğu Azər Salahı, Höccət Haqverdinin də çıxışını vurğulamalıyıq. Salahlı son oyunlarda komandanın ən döyüşkən üzvlərindəndi.

Dünənə qədər “Neftçi”nin futbolçusu hesab edilməyən oyunçular bu gün komandanı özünə qaytarır, azakeşə ümid olur. Onların sıralarına gəncləri də qatmaq olar. Rza Cəfərov, Emil Səfərov, Ağadadaş Salyanski bu gün “Neftçi” kimi klubun əsas heyət üzvlərinə çevrilir. Üstəlik, haqq edərək, buna layiq olaraq. Bu uşaqlar yalnız “Neftçi”nin yox, həm də Azərbaycan futbolunundu. Yetər ki, doğru sistem qurub, onlardan düzgün istifadə edən baş məşqçi olsun.

Legioner limitinin ləğvinin müzakirə olunduğu bu günlərdə həm Abasov, həm adıçəkilən yerli futbolçular yaxşı mesaj verirlər. Bir daha görürük ki, forma bacarana qurbandı.

Hazırda əsas yük həm də azarkeşin üstündədi. İşığın parıltısı ümid yaradır. İllərdir arzusunda olduqları “Neftçi”nin qayıdış həyəcanı belə onları göyə qaldırır. Ancaq hər uğursuz nəticədə yenidən neqativə köklənməməli və hər zamankı dəstəklərini davam etdirməlidirlər. Doğru işlərlə zamana buraxıb, səbrli olmaq “Neftçi”nin tək çarəsidi. Çünki azarkeşi ilə bütövləşən “Neftçi” Azərbaycan futbolunun çox üzərində böyük işlər görə bilər. Hələ ki, ümid var. Ümid varsa, nəticə də olacaq.

Həsən Quluzadə

Seçilən
20
idmanxeber.az

1Mənbələr