AZ

Keni Arroyo və Elan Rikardo “Beşiktaş”da

Türkiyənin “Beşiktaş” klubu heyətini iki yeni futbolçu – sağ vinger Keni Arroyo və mərkəz yarımmüdafiəçisi Elan Rikardo ilə gücləndirib.

Arena.az bu barədə İstanbul təmsilçisinin rəsmi saytına istinadən xəbər verir.

Keni Arroyonu Ekvadorun “İndependyente” klubundan transfer etmiş “qara qartallar” bunun üçün qarşı tərəfə 5 milyon avro ödəyiblər. Kolumbiyanın “La Ekidad” klubundan gəlmiş Elan Rikardonun transferi isə 2 milyon avroya başa gəlib. Həm 18 yaşlı Arroyo, həm də 20 yaşlı Rikardo Türkiyə klubu ilə 4,5 illik (2029-cu ilin 30 iyununadək) müqavilə imzalayıb.

Keni Arroyo futbola Alfaro Moreno Akademiyasında başlasa da, 2016-cı ildən “İndependyente”nin sıralarında idi. Gənc vinger bu klubun əsas komandasında 44 oyuna çıxıb, 5 qol və 8 məhsuldar ötürmə ilə yadda qalıb. Ekvadorun U-17 və U-20 yığmalarında da oynamış futbolçu 2024-cü ilin oktyabr ayında ölkəsinin əsas millisində debüt edib. O, Ekvador millisində keçirdiyi ilk 2 oyunda fərqlənə bilməyib.

Elan Rikardo isə “La Ekidad”ın öz yetirməsidir. Kolumbiyalı futbolçu bu klubun əsas komandasının heyətində 49 oyuna çıxıb. O, bu görüşlərdə 9 qol və 3 assist müəllifi olub. Keni Arroyodan fərqli olaraq, Elan Rikardoya ölkəsinin milli komandalarında ehtiyac duyulmayıb.

Yeri gəlmişkən, Keni Arroyonun “Beşiktaş”ın heyətində 10 nömrəli forma altında çıxış edəcəyi diqqətə çatdırılıb. Elan Rikardonun hansı nömrəni seçəcəyinə isə gənc futbolçu İstanbula gəldikdən sonra aydınlıq gələcək.

Seçilən
7
arena.az

1Mənbələr