"Azərişıq"Açıq Səhmdar Cəmiyyətinin yaradılmasının 10 illiyini ölkənin elektrik enerji təchizatı qurumları peşə bayramı günü kimi qeyd ediblər. Bu münasibətlə keşirilən yubiley şənliklərində Azərbaycanda fasiləsiz və keyfiyətli elektrik təchizatına nail olunması energetiklərin böyük uğuru kimi dəyərləndirilib.
Balakən Elektrik Şəbəkəsində keçirilən toplantı "Azərişıq" ASC-nin fəaliyyətindən bəhs edən videoçarxın nümayişi ilə başlanıb.
Balakən Rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayev kollektivi əlamətdar hadisə münasibətilə təbrik edib, ölkə rəhbərliyinin gerçəkləşdirdiyi uğurlu enerji strategiyasının əhalinin rifahının yüksəldilməsində və sosial-iqtisadi inkişafda önəmli rolundan söhbət açıb. O, ölkəmizdə enerji bolluğu yaradılmasında və qlobal ekoloji böhranın qarşısının alınmasında gerçəkləşdirilən yaşıl layihələrin dünyada yüksək dəyərləndirildiyini də vurğulayıb.
Balakən Elektrik Şəbəkəsinin rəisi Sabit Məmmədov rayonun enerji təchizatının yüksək səviyyədə saxlanılması üçün kollektivin gördüyü işlər, qarşıda duran vəzifələr barədə məlumat verib. Şimal-Qərb Reqional Elektrik Təchizatı və Satışı İdarəsinin rəisi Nəriman Mahmudov "Azərişıq"ın ötən 10 ildə həyata keçirdiyi mühüm layihələrdən, sahədə aparılan islahatların uğurlarından danışıb.
Toplantıda yerli elektrik şəbəkəsinin bir qrup işçisinə nümunəvi xidmətə görə Balakən Rayon İcra Hakimiyyətinin "Fəxri fərmanı" təqdim edilib.
Həmin gün keçirilən ağacəkmə aksiyasında peşə bayramının iştirakçıları çoxlu sayda ağac əkiblər.
İlqar HƏSƏNOV,
XQ-nin bölgə müxbiri