"Biz təhsilin bir dövrəsinə gəlib çatmışıq ki, uşaqlar 1-ci sinifdən repetitor yanına gedir, sanki məktəb yoxdur. Bu, təhsilin uğursuzluğu deyilmi? Əgər məktəb lazımi bilik vermirsə, repetitor sistemini günahlandırmaq nə qədər doğrudur?"
Adalet.az xəbər verir ki, bunu təhsil eksperti Kamran Əsədov deyib. O bildirib ki, hazırlıq sistemini ləğv etməklə problem həll olunmayacaq:
"Repetitorluq tədricən ləğv olunsa, bəs yerinə nə qoyulacaq? Məktəblər nə qədər hazırdır? Müəllimlər dərs yükü, şagird sayı, proqramın ağırlığı ilə repetitorluq olmadan eyni nəticəni təmin edə biləcəkmi? Hazırlıq sistemini ləğv etməklə problemi həll etmirik. Təhsili keyfiyyətli etmədən, repetitorluğu ləğv etməyə çalışmaq, xəstəlik müalicə olunmadan dərmanı atmaq kimidir. Əsas məsələ məktəbdə elə təhsil verməkdir ki, repetitor ehtiyacı yaranmasın".
Ekspert qeyd edib ki, ibtidai siniflərdə uşaqların repetitor yanına göndərilməsi onların uşaqlığını əlindən almaqdır: "Amma orta və yuxarı siniflərdə bəzi fənlər üzrə əlavə dəstək həmişə lazım olacaq. Hər şagird fərqlidir və məktəbdə hamının eyni templə öyrənməsi mümkün deyil. Əsas məsələ odur ki, repetitorluq məcburiyyət yox, seçim olsun. Əgər məktəblər yetərincə güclü olsa, repetitorluq təbii olaraq azalacaq. Amma məktəbləri dəyişmədən, sadəcə repetitorluğu ləğv etməklə, biz sadəcə uşaqların əlindən bir şans almış oluruq. İslahat ən zəif halqadan yox, sistemin özündən başlamalıdır".