AZ

Gözübağlı şahmat ‒ “ağ-qara” oyunun “sehrbaz”ları

Bu möcüzədir, yoxsa insan zəkasının görən gözü?

Gözübağlı şahmat nadir idman hadisəsidir. Dahi oyunçular bir neçə şahmat lövhəsində rəqiblərinə gözübağlı qalib gələ bilirlər. Burada oyunçular fiqurların vəziyyətini görə bilmir və onlara toxunmaq ixtiyarları da yoxdur. Bu oyunçuları fiqurların vəziyyətinin zehni modelini qurmağa məcbur edir. Gedişləri şahmat işarələri sistemi ilə oyunçular bir-birlərinə çatdırırlar. Bəs “ağ-qara” oyununun ustadları bunu necə edirlər?

Eyni anda bir neçə lövhədə şahmat oynamaq! Çox sayda müxtəlif mövqelər və eyni zamanda, bir sıra tapşırıqları yerinə yetirmək! Bütün bunları necə xatırlamaq olar? Bu suala hər peşəkar şahmatçı cavab verə bilmir. Amma bununla belə, öz müasirlərini heyrətləndirən dahilər olub. Məsələn, ilk gözübağlı şahmatı Orta Şərqdə Said ibn Jubayr (665–714) oynayıb. Avropada ilk gözübağlı şahmat yarışı 1266-cı ildə Florensiyada keçirilib. XVIII əsrin şahmatçısı Fransua-Andre Filidor da bir neçə rəqiblə gözübağlı şahmat oynayıb. Maraqlıdır ki, “Piyada şahmatın canıdır” prinsipini bəyan edən fransız şahmatçısı həmkarları ilə adi qaydada oynamaqdan bezib və qarşılaşmaları maraqlı etməyin yollarını düşünüb. Çox keçməyib ki, Filidor gözbağlı seans vermək qərarına gəlib və o, yerli idman ictimaiyyətini xeyli təəccübləndirib.

Gözləri bağlı oynamağı bacaran usta şahmatçılardan biri də Pol Morfi olub. O, oyunlardan 6-sını udub, 2-sini isə uduzub. Mixail Çiqorin və İohann Zukertortun gözübağlı şahmat seansları da çox populyar olub. Hər iki şatmatçı kəskin kombinasiya üslubunda oynayıb, çoxlu qurbanlar verib və belə oyunlarda gözəl mat vəziyyətləri yaradıb.

Amerikalı Harri Nelson Pillsberi də həmin vaxt seansları ilə əsl sensasiyaya səbəb olub. O, eyni zamanda, gözübağlı şahmat, dama və kart oynayıb! O zaman belə seanslar inanılmaz dərəcədə gəlirli işə çevrilib. Çox təəssüf ki, dahi şahmatçılardan biri Emmanuel Laskeri taxtdan uzaqlaşdıra bilən Pillsberi çox erkən ölüb.

Sonralar da bir çox ustad şahmatçı gözübağlı seanslar verib: Dyula Brreyer, Riçard Reti, Migel Najdorf, George Koltanovski, Mixail Tal. Hətta belə bir əfsanə var ki, eyni vaxtda gözübağlı şahmat seansının gərginliyindən Yanoş Fleş möcüzəvi şəkildə beyin xəstəliyindən sağalıb. Baxmayaraq ki, həkimlər ona ölüm diaqnozu qoymuşdular. Amma təəssüf ki, Fleş də çox yaşamayıb, avtomobil qəzasında həyatını itirib.

Yeni Avropa rekordunu 2010-cu ilin noyabrında Sontheymdə alman Mark Lanq müəyyən edib. Yarış 23 saat ərzində 35 oyun 19 qələbə, 13 heç-heçə və 3 məğlubiyyətlə nəticələnib. Bir il sonra Sontheymdə Lanq yeni rekord əldə edib. Gözübağlı 46 sinxron oyununda 25 qələbə, 19 heç-heçə və 2 məğlubiyyəti olub.

Gözübağlı şahmat üzrə superturnir də keçirilib. Eyni zamanda, sürətli şahmat da oynanılıb. Bu ideyanı holland milyonçu Joop van Oosterə məşhur qrossmeyster Lev Poluqayevski təklif edib. Turnirdə, demək olar ki, dünyanın bütün güclü şahmatçıları güclərini sınayıblar. Lakin ağır insultdan sonra Ooster 2011-ci ildə yarışları dayandırıb və qısa müddət sonra vəfat edib.

Maraqlıdır ki, “Ginnesin rekordlar kitabı” üçün belə sessiyaların xüsusi qaydaları hazırlanıb: rəqiblərin hansı kvalifikasiya qrupu yığılmalıdır, oyun prosesinin şərtləri necədir, sessiya iştirakçısı neçə faiz xal toplamalıdır. Hazırda rekordçu 2016-cı ildə eyni vaxtda 48 rəqiblə mübarizə aparan amerikalı Timur Qareyevdir.

Gözübağlı sessiyalar tarixinə düşən dahi şahmatçılardan biri də Aleksandr Alexin olub. Rusiyadan mühacirət edən Alexin Amerikaya gedib, burada bir çox kommersiya seansları və gözübağlı seanslar verib. O həm də bir neçə lövhədə gözübağlı oynamağın qaydaları barədə məqalələr də yazıb. Şahmatçı onların birində deyirdi: “Əqli işin ən böyük hissəsi məntiqi yaddaşın köməyi ilə həyata keçirilir. Bu o deməkdir ki, oyunçu ağ və qara kvadratları, ağ və qara fiqurları olan bütün lövhəni gözləri önündə canlandırmağa çalışmır, çoxunun inandığı kimi, o, yalnız hansısa xarakterik hərəkəti, lövhənin bir hissəsinin konfiqurasiyasını xatırlayır... Mən belə oynayıram və bildiyimə görə, bütün gözübağlı oyun ustaları belə oynayır. Vizual yaddaş yalnız xüsusilə kəskin anda vəziyyəti yoxlamaq, mümkün yanlış təsəvvürü tapmaq və s. lazım olduqda köməyə çağırılır. Hər hansı mnemonik sxemlərə (Mürəkkəb və ya uzun sözlər yığınının yadda saxlanılmasını asanlaşdırmaq üçün istifadə olunan söz, qafiyə və ya başqa obraz. Mnemonik vasitələr hesablama texnikasında geniş istifadə olunur-red.) gəlincə, mən onlardan heç vaxt istifadə etməmişəm. Fərdi partiyaları tez bir zamanda bitirmək və bununla da onların sayını azaltmaq çox vacibdir. Hər bir əsas seansı başlamazdan əvvəl, mən lövhələrin ümumi sayını ayrı-ayrı açılış qruplarına bölərək, özüm üçün sadə bir plan tərtib edirəm”.

Şahmatda psixologiya və təfəkkür məsələlərini elmi şəkildə tədqiq edən qrossmeyster Nikolay Kroqius da Alexinin bu fikrini təsdiqləyir: “Əzbərləmənin semantik xarakterini, eyni zamanda, oyun seansları vaxtı apardığım lövhədə fiqurların düzülüşünə dair təcrübələr də sübut edir. Fiqurun yeri, adətən, xatirələrin məntiqi silsiləsi ilə müəyyən olunur”.

Hazırkı rekordçu Timur Qareyev, əksinə, sessiyalarında “yaddaş sarayı”nın mnemonik texnikasından istifadə edir, hər oyunu saraydakı bir otaq kimi təsəvvür edir: “Hər şey gözümün qabağındadır: mətbəxə gedirəm və bir dəstə banan görürəm - hərəkətlər mücərrəd şəkillərə uyğun gəlir”.

Bəs mnemonist kimi heç bir xüsusi təhsil almayan oyunçu nə etməlidir? Alexin bütün mövqelərin şəkillərini başınızda saxlamağa çalışmamağı, ancaq lövhənin ən vacib hissəsinə (şahın mövqeyi, ona hücum edən fiqurlar və s.) cəmləşərək, hər birini düzgün anda məntiqi bir hərəkət zənciri boyunca “burub çıxartmağı” tövsiyə edir: “Rəqibləriniz arasında daha zəif oyunçular varsa, lövhələrin sayını kəskin şəkildə azaltmaq üçün onları mümkün qədər tez məğlub etməyə çalışın. O zaman aydın fəaliyyət planı ilə sessiya oyunçusu üçün tanış, asan başa düşülən mövqelər əldə etmək üçün debüt strategiyanız üçün bir plan hazırladığınızdan əmin olun”.

Əlbəttə, bunu bacarmaq üçün illərlə məşq etmək tələb olunur! 48 oyundan ibarət rekord sessiyada Timur Qareyev 6 dəfə uduzub, 7 heç-heçə edib, baxmayaraq ki, onun rəqiblərinin səviyyəsi uşaq-gənclər idman məktəbinin təlim keçmiş şagirdlərindən də aşağı olub. Bu, həqiqətən, çox çətin məsələdir!

Yeri gəlmişkən, məşhur “Rusiyanın ağ qarı” filminə baxmısınızsa, Alexin filmdə alman zabitlərinə qarşı 32 lövhədə gözləri bağlı bir seans verir və hamını məğlub edir. Əslində, rus şahmatçısı Çikaqodakı yarışda 32 lövhədə oynayıb, 4 oyunda məğlub olub və 9 heç-heçə edib. Alexinin həqiqətən də, Vermaxt zabitlərinə eyni vaxtda şahmat seansı verməsi barədə heç bir sənədli sübut yoxdur. Bunun sovet ssenaristlərinin uydurması olduğu bildirilir.

Bu da bir faktdır ki, sovet Rusiyasında Alexinin Qərb ölkələrində şahmat seansları verməsinə isti münasibət göstərilməyib. Bu da anlaşılan idi, ideoloji rəqiblərin idmançıları ilə görüşlər keçirməsi Alexinə layiq olduğu dəyərin veilməsinə mane olub. Yalnız İkinci Dünya müharibəsindən sonra keçmiş SSRİ-də gözübağlı oyuna münasibət dəyişib, Alexinə dair kitablar yazılıb, film çəkilib. Xatırladaq ki, şahmat üzrə 4-cü dünya çempionu Alexin dövrünün əsas turnirlərində rəqibləri üzərində böyük fərqlə qalib gələ bilmiş dahi şahmatçı olub. O, vəfat edənə qədər (1946) Dünya çempionu titulunu saxlamağı bacaran qrossmeystr kimi tarixə düşüb.

S.ELAY
XQ

Seçilən
4
xalqqazeti.az

1Mənbələr