AZ

ABŞ və Çin geoloqları Yerin nüvəsinin səthi ilə bağlı kəşfə imza atıblar

Bakı, 11 fevral, AZƏRTAC

ABŞ və Çin geoloqları Yerin daxili nüvəsinin səthi ilə bağlı kəşfə imza atıblar. Onlar müəyyənləşdiriblər ki,

Yerin daxili nüvəsinin səthi əvvəllər alimlərin inandığı kimi sərt deyil, əksinə, nisbətən yumşaqdır. O, planetin mayedən ibarət xarici nüvəsində və mantiyasında gedən proseslər nəticəsində tez-tez deformasiyaya uğrayır. Cənubi Kaliforniya Universitetinin mətbuat xidməti xəbər verir ki, bu, daxili nüvənin fırlanma sürətində dalğalanmaların mövcudluğunu potensial olaraq izah edir.

Universitetin professoru Stiven Kondal deyib: “Biz çoxdan bilirik ki, Yerin ərimiş xarici nüvəsi daim silkələnir, amma indiyədək bu turbulentliyin onun yanındakı daxili nüvə təbəqələrinin xüsusiyyətlərinə təsir etdiyinə dair heç bir əlamət yox idi. İlk dəfə olaraq, xarici nüvədəki proseslərin səth quruluşunu və daxili nüvənin xüsusiyyətlərini necə dəyişdirdiyini müşahidə etdik”.

Professorun sözlərinə görə, onun elmi komandası bu kəşfi son 10-15 ildə Yerin daxili nüvəsinin fırlanma sürətinin əhəmiyyətli dərəcədə azalmasının mümkün səbəblərini axtararkən edib. Bunun mümkün səbəblərini tapmaq üçün alimlər 1991-2023-cü illər arasında ABŞ və Kanadada iki seysmik stansiya tərəfindən toplanmış məlumatları təhlil ediblər. Bu müddət ərzində stansiyalar müxtəlif dövrlərdə Yerin dərinliyinin eyni nöqtələrində baş verən 120-dən çox zəlzələni qeydə alıblar. Onların yaratdığı seysmik dalğaların bir hissəsi planetimizin daxili nüvəsindən əks olunub və hər iki stansiyaya çatıb. Alimlər nüvənin fırlanma sürətinin Yerin səthinin müxtəlif nöqtələrində eyni şəkildə dəyişib-dəyişmədiyini anlamaq ümidi ilə bu siqnalları müqayisə ediblər. Bu müqayisə bəzi siqnal dəstlərində mövcud olan və ikinci stansiyanın məlumatlarında olmayan çoxlu sayda anomaliyaları aşkar edib.

Bu anomaliyaların sonrakı təhlili göstərib ki, onlar daxili nüvənin fırlanma hərəkəti ilə deyil, onun səthində seysmik dalğaların əks olunmasının təbiətinə təsir edən müxtəlif nizamsızlıqların olması ilə bağlıdır. Onlar geoloji standartlara görə çox yüksək sürətlə - bir neçə il və onilliklər ərzində meydana çıxıb və yox olub.

Tədqiqatçıların fikrincə, bu cür sürətli dəyişikliklər yalnız o halda mümkündür ki, daxili nüvənin səthi maye xarici nüvədə və mantiyanın aşağı təbəqələrində hələ məlum olmayan fiziki proseslərin təsiri altında lokal deformasiyaya uğrasın. Buradan belə nəticə çıxır ki, daxili nüvənin yuxarı təbəqəsi nisbətən yumşaq maddədir, nəticədə onun deformasiyaları fırlanma təbiətinə və seysmik dalğalarla qarşılıqlı təsirinə əhəmiyyətli təsir göstərir.

Seçilən
4
1
azertag.az

2Mənbələr